“National Geographic Azərbaycan” jurnalı ali təhsil müəssisələrində tələbə və müəllim heyətlərini məlumatlandırmaq üçün təqdimatlara başladı. Bu qəbildən olan ilk təqdimat ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Azərbaycan Turizm İnstitutunda (ATİ) təşkil olundu.
Oxu.Az xəbər verir ki, jurnalın baş redaktoru Seymur Teymurov ATİ-nin müəllim və tələbə heyətinə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti və onun rəsmi nəşri olan “National Geographic” jurnalı barədə ətraflı məlumat verdi. Jurnalın yerli nəşri haqqında danışdı, dərginin ilk iki sayını təqdimat iştirakçıları ilə tanış etdi. Baş redaktorunun sözlərinə görə, “National Geographic Azərbaycan” jurnalı ilk sayının çap olunduğu gündən bu yana oxucular arasında xüsusi rəğbətlə qarşılanıb:
“Jurnalın missiyasının qlobal olması, dünyanı yerli oxuculara tanıtmaq məqsədi daşımasına baxmayaraq, biz doğma vətənimiz barədə də vaxtaşırı məqalə və fotoşəkillər dərc edəcəyik”.
Təqdimatın sonunda müəllim və tələbələrin verdiyi suallar cavablandırıldı və gələcək planlar müzakirə olundu.
Qeyd edək ki, “National Geographic Azərbaycan” jurnalı Garant Media Holding tərəfindən nəşr olunur. Jurnala abunə olmaq üçün 012 563 56 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.