“National Geographic Azərbaycan” jurnalı “Baku Electronics” şirkətinin Samsung brendinin sponsorluğu ilə iyul ayının 10-dan sentyabrın 10-dək fotomüsabiqə keçirib.
Oxu.Az xəbər verir ki, bu müsabiqədə həm yerli, həm də Türkiyə, Ukrayna və Rusiya kimi xarici ölkələrdən olan 157 fotoqraf iştirak edib. Onlar müsabiqəyə təxminən 550 fotoşəkil təqdim ediblər.
Qaliblərin seçim prosesi iki mərhələdən ibarət idi: birinci mərhələdə “National Geographic Azərbaycan” jurnalının redaksiya heyəti ən yaxşı 10 müəllifi seçib və onların təqdim etdiyi işləri “National Geographic” jurnalının Vaşinqtondakı baş ofisinə göndərib. Qaliblərin seçimi isə baş ofisdə NGM jurnalının fotoredaktorları tərəfindən müəyyən edilib.
“Baku Electronics” şirkətinin Samsung brendi ilə birgə təşkil edilmiş fotomüsabiqənin qalibləri ilə tanış olun:
I Yer – Zamin Cəfərov
Azərbaycan, Quba

Xınalıqdan Şahdağ Milli Parkına avtomobillə daxil olarkən bu mənzərəni çəkmək üçün dayandıq. Avtomobilin pəncərəsindən massivə açılan bu görüntü mənə daha cəlbedici gəldiyi üçün son olaraq onu çəkdim.
II Yer – Natəvan Əliyeva
Azərbaycan, Bakı

Bəzən elə olur ki, nağıl özü bizə qonaq gəlir. Mən təklif edirəm ki, bu gözəl miniatürümün cazibəsinə varıb igid və qorxmaz qondolaçı qarışqalarla birgə sehrli səyahətə çıxasınız. İrəlidə sizi sərgüzəştlər gözləyir.
III Yer – Zaur Mirzəyev
Azərbaycan, Quba

Bu şəkli Şimali Qafqaz dağlarında İlham Əliyev zirvəsinə (4062 m) yürüş zamanı 2013-cü ilin iyun ayında çəkmişəm. Bir gün əvvəl yay havası olsa da, ertəsi gün hökm sürən hava şəraiti qışı xatırladırdı.