Tünzalə Ağayevanın təqdim etdiyi “Biliyinlə Qazan!” rubrikasının növbəti qalibi müəyyən edildi.
Oxu.Az xəbər verir ki, 2015-ci ilin fevral ayından etibarən Garant Media Holding tərəfindən Azərbaycanda dərc olunan “National Geographic Kids” jurnalının artıq dörd nömrəsi işıq üzü görüb.
Xatırladaq ki, maraqlı rubrikaları ilə qısa müddətdə məktəblilərin diqqətini cəlb edən jurnalın əsas bölmələrindən biri də məhşurların təqdim etdiyi “Biliyinlə Qazan!” rubrikasıdır. Burada balaca oxuculara fərqli mövzularda 10 sual ünvanlanır, bütün suallara düzgün cavab verən ilk oxucu isə mükafatlandırılır.
“National Geographic Kids” jurnalının üçüncü, yəni aprel buraxılışındakı “Biliyinlə Qazan!” rubrikasının qalibi müəyyən edildi. Tanınmış müğənni Tünzalə Ağayevanın təqdim etdiyi sualları düzgün cavablandıran ilk oxucu 8-ci sinif şagirdi, 13 yaşlı Əzizə Əsədova oldu.
“National Geographic Kids” jurnalının redaksiyasına dəvət olunan Əzizə redaksiya heyəti və T.Ağayeva ilə görüşdü. O, jurnalda oxuduğu məqalələr, məlumatlar, jurnalın fotoşəkilləri və əyləncəli bölməsi haqda həvəslə danışaraq dərginin Azərbaycanda nəşr edilməsindən hədsiz məmnunluğunu bildirdi.
Sonda T.Ağayeva məktəbli qalibə “National Geographic Kids” jurnalı adından mükafat təqdim etdi.