Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gedib.
Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.