"Bizim məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var. Bunun səbəbi həmin müəssisələrdə dərs deyənlərin bəzilərinin ixtisasına uyğun gəlməməyidir. Lakin bir anda çox sayda şəxsi işdən azad etmək də mümkün deyil".
Oxu.Az xəbər verir ki, bu fikri ADA Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
O, məktəbəqədər təhsilin vacibliyinə toxunaraq qeyd edib ki, bu mərhələdə təhsil alan uşaqların nəticələri daha yüksək olur:
"Ən vacib mərhələ ilkin yaş dövrünün inkişafıdır. Müşahidələr göstərir ki, azı bir il məktəbəqədər təhsilə cəlb olunan uşaqlar sonradan daha yaxşı nəticələr göstərirlər. Hər bir uşaq üçün minimum bir il məktəbəqədər təhsil vacibdir".
E.Əmrullayev onu da bildirib ki, təhsil sahəsində aparılan islahatların nəticəsi dərhal hiss olunmur və bunun üçün zaman tələb olunur.
E.Əmrullayev çıxışının davamında elmi mövzuların ictimai rəy və emosional yanaşmalardan ayrılmalı olduğunu vurğulayıb:
"Elm və təhsildən danışarkən bu sahələri ictimai fikrin emosional dalğalarından ayırmalıyıq. Təəssüf ki, bəzən hansısa dərslikdəki hərf səhvi ətrafında yaranan müzakirələr əsas gündəmi üstələyir".
Aləmdə Nəsib