"Vətəndaşların 56.5%-i sosial medianı uşaqlar üçün tamamilə zərərli hesab edir. Hər beş uşaqdan biri gündə 5 saat və daha çox vaxtını bu platformalarda keçirir. Valideynlərin isə yalnız 43%-i istifadəyə tam nəzarət edə bildiyini deyir".
Oxu.Az xəbər verir ki, bu sözləri "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov qeyd edib.
"Bildiyiniz kimi, internetdə uşaqlar üçün təhlükəsizlik zonaları yaradılır. Bu, uşaqlar üçün interneti tam bağlamaq deyil. Əksinə, intenet və texnologiyanın təhsil üçün istifadəsi çox vacibdir.
16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesablar yaradılmayacaq. 16-18 yaş qrupu üçün hesab yalnız qanuni nümayəndənin razılığı ilə açıla biləcək.
Ən vacibi, məsuliyyət platformaya aid olacaq. Yəni platformalarda asılılıq yaradan dizaynlar məhdudlaşdırılmalı, hədəfli reklama yol verilməməli, zərərli məzmun 24 saat ərzində silinməli, yaş uyğunluğu məlumatlarının saxlanması isə kəskin qadağan edilməlidir.
Heç bir ölkə bu qanundan 100 faiz nəticə əldə etməyib. Bu, kafidirmi? Xeyr, bunu valideyn nəzarəti ilə tamamlamaq lazımdır.
Qanun heç bir halda valideyni əvəz edə bilməz".
Nəzrin Mirzəyeva