"2003-2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilib. 2025-ci ildə dövlət əsaslı vəsait hesabına yeni məktəblərin tikintisi və əsaslı təmir işləri həyata keçirilib. 47 təhsil müəssisəsində tikinti-quraşdırılma işləri aparılıb, 20 təhsil müəssisinin tikintisi başa çatıb".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, son 5 ildə qəzalı məktəblərin sayı 2.5 dəfə azalıb:
"Yəni, biz 1000 qəzalı məktəbdən 400-ə enə bilmişik. Bu hər il orta hesabla 100 məktəb deməkdir. 400-dən az məktəbimiz var ki, ya əsaslı təmirə, ya da yenidən tikintisinə ehtiyac var".
"Müəllim saathesabı, yarımştat kimi yox, tamamilə daimi ştatda olacaq. Daimi dərs yükü 18 saat olacaq. Qalan zamanda müəllim şagirdlərlə işləyəcək. Sertifikasiyada yüksək bal toplayan müəllimlər bu sistemlə yüksək maaşla işləyəcək. Bu, məcburi olmayacaq. İstəməyən müəllimlər saathesabı sistemlə davam edə biləcək. Müəllimlərin orta aylıq əməkhaqqısının aşağı olmasının səbəbi saathesabı sisteminə görədir. Həftədə 4 saat dərs deyən müəllim nə qədər maaş ala bilər ki?", - deyə nazir əlavə edib.
Mərahim Nəsib