Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
"Formula-1" yarışına ayrılan pulları mənimsəmə ittihamı ilə mühakimə olunan Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovu məhkəməyə çağırıb.
"Qafqazinfo" A.Rəhimovun bu cinayət işi üzrə istintaq başlayan vaxt prokurorluqda müstəntiqə nə danışdığını öyrənib.
A.Rəhimovun bu iş üzrə dindirilməsi barədə məlumat olsa da, məhkəmə istintaqı başlamadığı üçün təfərrüat indi üzə çıxıb. A.Rəhimov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin rəhbəri olub. Hazırda 400 min manat yeyintidə təqsirləndirilən Çingiz Mehdiyev isə şirkətin şöbə rəisi işləyib. Onun vəkili məhkəmə istintaqının sonuna yaxın bütün kartları açıb. Müdafiəçi şirkətin rəhbərinin şahid qismində tanınmamasına etiraz edib, "Formula-1" yarışının təşkili üçün "hər il 150 milyon manat ayrıldığını, Arif Rəhimovun da dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli olduğunu", - deyib.
Fotoda Çingiz Mehdiyev
A.Rəhimov isə istintaqa ifadəsində bildirib ki, işçisinin yeyintisindən, xaricə köçürmələr etməsindən xəbəri olmayıb:
"Biz işə qoşulanda yarışların başlanmasına 8 aydan az vaxt qalmışdı. Bu səbəbdən işlərin icrasına təxirə salınmadan başlanılması və qısa müddət ərzində başa çatdırılması üçün Gənclər və İdman Nazirliyinə tapşırıq verildi. Müstəsna hal kimi, ilk yarışın təşkili ilə bağlı satınalma predmetinə aid olan bütün işlərin aparılması məqsədilə bu sahədə təcrübəsi olan, danışıqlar əsasında seçilən təşkilatlarla birbaşa müqavilə bağlanmasına icazə verildi. Bu səbəbdən BŞH-nin İdman şöbəsinə lazım olan mallarla bağlı həmin şöbənin müdiri işləyən Çingiz Mehdiyev sifariş verdi. Həmin sifariş əsasında Təchizat şöbəsinin rəisi işləmiş Zaur Məlikaslanov tərəfindən malların təchizi ilə bağlı "Dayton Investments LTD" adlı şirkətin verdiyi təkliflər uyğun olduğundan müsbət qiymətləndirilərək həmin şirkətlə müqavilə bağlanıldı".
Arif Rəhimovun dediyinə görə, müqavilə bağlanıldıqdan sonra malların qiyməti göstərilməklə sifariş orderi Ç.Mehdiyev tərəfindən tərtib edilib, o və Təchizat şöbəsinin rəisi tərəfindən imzalanıb. Eyni qaydada vergi orqanlarında fiziki şəxs kimi qeydiyyatdan keçmiş Mais Məlik oğlu Abdullayevlə də müqavilələr bağlanılıb:
"Qeyd olunan müqavilələr bağlanan tərəflərin Mehdiyevlə əlaqəsinin olmasından, müqavilələrə görə dövlət büdcəsindən ayrılmış pul vəsaitinin Çingiz Mehdiyev tərəfindən mənimsənilməsindən məlumatım olmayıb. Eyni zamanda, BŞH tərəfindən müqavilə əsasında "Dayton Investments LTD"yə (Çingiz Mehdiyevin ofşor zona - Seyşel adalarında anasının adına təsis edilmiş şirkət - red.) köçürülən ümumi məbləğdən 359 339.60 ABŞ dolları məbləği hissəsində malların əslində xarici ölkədən gəlməməsindən, Çingiz Mehdiyevin xarici köçürmələr edərək özünün və qardaşının adına ABŞ-də mülklər almasından qətiyyən xəbərim olmayıb".
Hazırda Mehdiyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edir. Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər Arif Rəhimovun məhkəmədə dindirilməsinin vacib olub-olmadığını fikirləşirlər. Prokuror isə Rəhimovun dindirilməsinə etiraz etmir.
Təqsirləndirilən şəxs isə 397 min 852 manat məbləğində dəymiş ziyanın cəmi 100 min manatını qaytarıb. Qalan hissəni isə ödəmir.
"Formula-1 Baku (2024)" teqi üzrə xəbərlər
- Oskar Piastri "Formula-1" üzrə Azərbaycan Qran-prisini digərlərindən fərqləndirib
- Azərbaycanda "CFI Financial Investment Company"nin təqdimatı keçirildi: Yeni rəhbər təyin olundu
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Süni intellekt 14 yaşlı yeniyetməni öldürdü
- "Formula-1"də 26 ildən sonra bir ilk
Rəylər