Son on ildə ölkədə yoxsulluq 10 dəfə azalaraq, ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə, işsizlik isə Avropa İttifaqındakı 10 faizlik müvafiq göstərici ilə müqayisədə 2 dəfədən də çox aşağı, yəni 4,9 faizə enib.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirdə nazir Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, son illərdə əhalinin gəlirləri və həyat səviyyəsi artıb.
“Son on ildə ümumi daxili məhsulun dünyada rekord səviyyədə, yəni 3,4 dəfə, ÜDM-in adambaşına düşən həcminin 8,4 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə çoxaldığı, ümummilli gəlir təsnifatına görə artıq “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksələn Azərbaycanda bu dövrdə sosial müdafiə və sosial təminat xərcləri 8 dəfə artıb. Ölkədə 2005-ci ildən tətbiq olunan yaşayış minimumunun adambaşına gəlirlərə nisbəti həmin il 65 faiz olduğu halda, 2013-cü ildə 34 faizə enib ki, bu da əhalinin gəlirlərinin və həyat səviyyəsinin artımını göstərir. Eyni zamanda, son on ildə ölkədə yoxsulluq 10 dəfə azalaraq, ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə, işsizlik isə Avropa İttifaqındakı 10 faizlik müvafiq göstərici ilə müqayisədə 2 dəfədən də çox aşağı, yəni 4,9 faizə enib”. - nazir deyib.
E.Ə.
www.oxu.az