Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 9-da və 10-da Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Oxu.Az xəbər verir ki, nazir əvvəlcə Gəncə şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarından qəbula gələn 323 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncədə yerləşən hərbi hissəsinə gedib, orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi-taktiki təlimlərini izləyən nazir onların peşə və döyüş hazırlığını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Sonda general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 41 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 248 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
"Vilayət Eyvazov" teqi üzrə xəbərlər
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər
- Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinə rəis təyin olunub
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Güclü yağışın fəsadları ilə bağlı Nazirlər Kabinetində iclas - Yekun qərarlar veriləcək
Rəylər