Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirdən saxta yolla sosial müavinət almağa çalışanlara - XƏBƏRDARLIQ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində transfert məbləğinin payı 2017-ci ildəki 39 faizdən ötən il 35,6 faizə, bu il isə 32,8 faizə enib.
Oxu.Az-ın məlumatına görə, bunu Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, əhaliyə sosial ödənişlərin ciddi şəkildə artdığı şəraitdə transfert məbləği azalmaqdadır:
“Qarşıdakı dövrdə də Fondun gəlirlərində mütəmadi artımın və həmçinin, idarəetmə xərclərinin optimallaşdırılmasının təmin edilməsi bu müsbət dinamikanın davam etməsinə imkan verəcək”.
Nazir bildirib ki, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır:
“Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr vardır ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq.
Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Nazir 2500-dək yalnış əlillik təyinatının da aparılan araşdırmalar nəticəsində aşkar edilərək ləğv olunduğunu, bu istiqamətdə araşdırmaların davam edəcəyini deyib və yeni əlillik təyinatlarının aparılmasına da ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.
Aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini deyən S.Babayev bildirib ki, bu ilin doqquz ayında 62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib. Bununla belə, bağlanan əmək müqavilələrinin sayında məşğulluq orqanları tərəfindən işlə təmin edilənlərin payının artırılması üçün səylər gücləndirilməlidir.
Özünüməşğulluq proqramı çərçivəsində bu il artıq 3500-dən çox şəxsə kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlər verildiyini qeyd edən nazir proqramın icrasında həssas qrupların iştirak səviyyəsinin daha da artırılmalı olduğunu bildirib.
İlhamə Əbülfət
Rəylər