2015-ci ilin I rübü ərzində nazirliyə qəbula gələn vətəndaşların sayı 2256 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1288 nəfər (36,6%) azdır.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
ƏƏSMN-nın məlumatına görə, nazirliyə qəbula gələnlərin sayı ötən ilin müvafiq ayları ilə müqayisədə cari ilin yanvar ayında 6,5%, fevral ayında 48,7%, mart ayında 45,7% azalıb.
Müraciət edənlərin 53 nəfəri nazir, 70 nəfəri nazir müavinləri və aparat rəhbəri, digərləri nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib. Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin yanvar-mart aylarında respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiklərinə uyğun olaraq, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Abşeron, Masallı və Sabirabad rayonlarında 13 rayon və şəhər üzrə ümumilikdə 92 vətəndaş qəbul edilərək müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.