2015-ci il aprel ayına olan məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1030 nəfər tam dövlət təminatında yaşayır.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Nazirliyin məlumatına görə, onlardan 312 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və ƏƏSMN-nin Şaqan 3 saylı və Saray 7 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, digərləri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin psixonevroloji internat evlərində yerləşdiriliblər. Bu müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
Eyni zamanda, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər uğurla davam etdirilir. Son üç ayda ƏƏSMN-nin sosial xidmət müəssisələrindən ümumilikdə 29 nəfərin ailələrinə qayıtmaları təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 nəfər (2,6 dəfə) çoxdur.
Bundan başqa, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərinin “Ağıldankəm uşaqlar üçün internat evi” adı “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi” adı ilə, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evlərinin “Ruhi-əsəb əlilləri üçün internat evi” adı “Psixonevroloji internat evi” adı ilə əvəz edilib.
Ülviyyə R.Əli
www.oxu.az