Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən il əlilliyi olan şəxslər 25,899 min reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla, eləcə də 577 əlil arabası ilə təmin olunub.
Oxu.Az-a bu barədə nazirlikdən məlumat verilib.
Belə ki, hesabat dövründə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən qeyd olunan şəxslərin 1051 ədəd aşağı ətraf, 173 ədəd yuxarı ətraf və 300 ədəd döş protezləri, 968 ədəd aşağı ətraf tutoru, 368 ədəd ortez-korset, 2261,5 cüt ortopedik ayaqqabı, 18497 ədəd yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib. Həmçinin 519 ədəd eşitmə aparatı əlilliyi olan şəxslərə təqdim olunub. Eyni zamanda, 886 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib.
Bu dövrdə mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 707 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib. 2013-cü ilin dekabr ayında ƏƏSMN-in müvafiq əmrinə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar tərəfindən ötən müddətdə 51 rayon üzrə 1564 nəfər əlilliyi olan şəxs səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin olunub.