Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazirlik: Elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər marketinq siyasətidir
Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayının artması və bunun çox ciddi təhlükə mənbəyi olması barədə xəbərdarlıq edib. Məsələn, ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib.
Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xüsusilə, gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır:
"Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində, bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır".
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova elektron siqaretlərin fəsadlarından danışıb:
"Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb".
Elektron siqaretlərdən gənclər arasında daha çox tütünçəkmənin əvvəlində istifadə edildiyini bildirən mərkəzin şöbə müdiri Tofiq Musayevin dediyinə görə, bu, bütün hallarda təhlükə mənbəyi sayılır və tütünçəkmənin dəstəklənməsinə xidmət edir:
"Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyil göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edirlər. Bu baxımdan elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər, sadəcə, marketinq siyasətidir".
Xatırladaq ki, 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, bütün növ qəlyanlar və elektron siqaretlər də həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.