Yanacağın qiymətinin artırılması ilə əlaqədar daşınma xərclərinin artması təbii ki, kənd təsərrüfatı məhsullarının qiymətinə də müəyyən təsir edəcək. Amma bayramöncəsi paytaxtda təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkasında qiymətlər tənzimlənəcək. Qiymətlər bazar qiymətlərindən 20-30 faiz aşağı olacaq.
Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bəzi məhsulların, o cümlədən kartofun qiymətindəki artım müvəqqəti xarakter daşıyır:
“Kartofun qiyməti artıb, bu da müvəqqətidir. Qiymətlər düşəcək. Ötən il yumurtanın qiymətində 3 qəpik artım oldu, sonra bu məsələ tənzimləndi. İndi də yarmarkalarda qiymətlər tənzimlənəcək”.
Yarmarkalarda ət və ət məhsullarının qiymətinin bazarlardan aşağı olacağını bildirən nazirlik rəsmisi qiymətləri də açıqlayıb:
“Hind toyuğunun bir kiloqramı 9 manat, mal əti 5 manat 50 qəpik, qoyun əti 6 manata satılacaq. Amma qiymətlərin bundan da aşağı olması ehtimalı var. Bu istiqamətdə iş aparılır”.