Bu gün “Bir birimizdən öyrənirik!” Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin gənclərinin Beynəlxalq Ekoloji Forumu öz işinə başlayıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə yanaşı tədbirin rəsmi tərəfdaşları kimi İDEA (Ətraf Mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və “Təbiət Dostları” Gənclər İctimai Birliyi çıxış edirlər.
Beynəlxalq forumda MDB üzv dövlətlərindən 40-a yaxın gənc ekoloq iştirak edir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qonaqları salamlayaraq bildirib ki, bu il MDB məkanında ekoloji il elan olunub və Azərbaycan da bu çərçivədə öz tədbirlərini keçirir.
Onun sözlərinə görə, baxmayaraq ki, 2012-cil Azərbaycanda ekoloji il idi və həmin il çərçivəsində ölkəmizdə bu sahə ilə bağlı bir sıra tədbirlər keçirilmişdi, lakin bu il də ölkəmizdə bu istiqamətdə tədbirlər həyata keçirilir:
“Biz bu il yayda MDB ölkələrinin iştirakı ilə ekoloji düşərgə təşkil etdik və bu gün də həmin tədbirin davamı olaraq forum keçirilir. Düşünürəm ki, forum çərçivəsində gənclərimiz arasında maraqlı diskussiyalar aparılacaq, fikir mübadilələri həyata keçiriləcək. İnanıram ki, burada iştirak edən QHT-lər arasında ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi baxımından birgə maraqlı təşəbbüslər və ideyalar ortaya çıxa bilər ki, gələcəkdə MDB məkanı daxilində bu layihələri həyata keçirmək olar”.
Daha sonra tədbirdə Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA (Ətraf Mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin prezidenti Leyla Əliyevanın forum iştirakçılarına müraciəti səsləndirilib.
Müraciətdə bildirilib ki, 2012-ci il ölkəmizdə Ekologiya ili elan edilib.
Həmçinin müraciətdə ekoloji problemlərin gələcək fəsadlarından söz açılıb:
“Gənclər bilməlidirlər ki, regionun gələcək ekologiyası ilə bağlı məsuliyyət daşıyırlar. Mən əminəm ki, bu günkü forum ekologiya ilə bağlı fikir mübadiləsi və qlobal ekoloji problemlərin həlli yollarının axtarılmasında xüsusi əhəmiyyətə malik olacaq. Hər kəsə bu vacib işdə uğurlar arzu edirəm”.
Qeyd edək ki, forum dekabrın 19-dək davam edəcək.