Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirlikdən Bakıda fəhlələrin təhlükəli iş şəraiti ilə bağlı AÇIQLAMA - VİDEO
“Yayılan videogörüntülərə baxış keçirilərkən Əmək Məcəlləsinin 215-ci maddəsinin, həmçinin “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3-cü və 5-ci bölmələrinin tələblərinin pozulduğu məlum olur”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakı şəhərində fəhlələrin təhlükəli vəziyyətdə işləməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirilərkən deyilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na əsasən, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra işçilər hündürlükdə işlərə buraxılırlar:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi və s. tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Hündürlükdə işlərə başlamazdan əvvəl işəgötürən və ya onun müvəkkil etdiyi şəxs ilk dəfə hündürlükdə işləməyə buraxılanlara, əvvəllər müvafiq təlimat almamış, başqa işdən keçənlərə, hündürlükdə işlərə bir ildən çox fasilə vermiş işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsi metodlarının və üsullarının öyrədilməsini təşkil etməlidir. İşəgötürən təhlükəsizliyi təmin etmək üçün iş yerlərinin hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə olunmasını nəzərdə tutan texniki-texnoloji tədbirləri təmin etməlidir.
Hündürlükdə işlər icra edilən yerin altında (aşağısında) işlərin görülməsi zamanı yüksək təhlükə zonası müəyyən edilir, işarələnir və hasarlanır. İşlər bir şaquli xətt boyunca yerinə yetirildiyində, aşağı yerlər iş yerindən şaquli xətt üzrə altı metr məsafədən çox olmayaraq, quraşdırılan müvafiq qoruyucu qurğularla (döşəmələrlə, torla, sipərlə) təchiz olunmalıdır”.
Qurumdan qeyd edilib ki, hündürlükdə işlərin təhlükəsizliyini təmin etmək üçün tutub saxlayıcı sistemlərdə ip (qayış) kimi həm tutan, həm də sığortalayıcı kəmərdən istifadə olunur. Sığorta sistemlərində sığortalayıcı kəmər kimi ipdən istifadə edilir:
“Hündürlükdə işləyən zaman istifadə olunan avadanlıq, mexanizmlər, əl alətləri, mexanikləşdirilmiş və digər alətlər, inventar, qurğular və materialların yerə düşməsi istisna olunmaqla (çantalarda, yarımçantalarda yerləşdirilməsi, bağlanması, hündürlüklər fərqi olan hüdudlardan kifayət qədər uzaqda yerləşdirilməsi və ya işçinin sığortalayıcı kəmərə bağlanması) təhlükəsizlik tədbirləri təmin edilməklə tətbiq edilməlidir.
Eyni zamanda, Əmək Məcəlləsinin 216-cı maddəsinə əsasən, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aiddir.
İnzibati Xətalar Məcəlləsinin 198-ci (Əməyin mühafizəsi qaydalarının pozulması) maddəsinə əsasən, işəgötürən tərəfindən - əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə, binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Yayılan videogörüntülərə baxış keçirilərkən Əmək Məcəlləsinin 215-ci maddəsinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli 20/01-005 Qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3-cü bölməsinin (Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi) və 5-ci bölməsinin (İstehsal sahələri və istehsal meydançaları ilə bağlı təhlükəsizlik tələbləri) tələblərinin pozulduğu məlum olur. Lakin videonun konkret olaraq hansı tikinti obyektində çəkildiyi məlum deyil. Əgər bu barədə, habelə tikinti obyektinin işəgötürəni (hüquqi və ya fiziki şəxsin adı, VÖEN-i) və işçi (adı, soyad, ata adı, FİN-i) haqqında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumatlar təqdim edilərsə, xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
Oxu.Az olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayan zaman sözügedən videogörüntülərin Bakının Xətai rayonunun Gəncə prospektində yerləşən MTK-da çəkildiyini qeyd etmişik. Lakin onlardan gələn cavabda ünvanın dəqiq olmadığı qeyd edilib. Nəticədə insan həyatının təhlükəsizliyi üçün heç bir tədbir görülmədiyi aşkardır.
İlhamə Əbülfət
Rəylər