Paytaxtın Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 25 ünvanında yerləşən binanın həyətində "RAF" Mənzil-Tikinti Kooperativi tərəfindən qanunsuz şlaqbaum və parkinq sistemi quraşdırıldığı iddia olunur.
Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, bu səbəbdən onlar öz avtomobillərini həyətyanı sahəyə daxil edə bilmirlər.
Vurğulanır ki, "RAF" MTK-nın işçiləri ağacları qurutmaq üçün kimyəvi maddələr tökürlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə Oxu.Az-a açıqlamasında bildirib ki, polis və digər aidiyyəti dövlət orqanları ilə birgə paytaxtın Nərimanov rayonunda yerləşən binaların birində qanunsuz olaraq quraşdırılan və vətəndaşların sərbəst gediş-gəlişinə maneə törədən şlaqbaumun aradan qaldırılması təmin olunub:
"Həmin ərazidə ağacların kəsilməsi ilə bağlı irəli sürülən iddialar isə təsdiqini tapmayıb. Araşdırmalarla həmin ağacların sözügedən ərazidə ötən ilin may ayında baş vermiş yanğın zamanı məhv olduğu müəyyən edilib".
