Artıq bir müddətdir ki, Bakıda əvvəllər iki manata yaxın olan dönərlərin qiyməti hazırda 1.00 və 1.60 manat arasında dəyişir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, əsasən, tələbələrin “məkanı” olan Elmlər Akademiyasının yaxınlığında yerləşən dönərxanalardakı qiymətlərin endirilməsi hər kəsdə maraq oyadıb.
Dönərxanalarda satılan dönərlərin qiymətinin aşağı düşməsi, onların istifadə etdiyi ətin keyfiyyətinin aşağı olması ehtimalını yaradır.
Məsələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev Milli.Az-a açıqlamasında dönərlərin satış qiymətinin aşağı düşməsinin səbəbini yay aylarında onlara tələbatın az olması ilə əsaslandırdı:
“Dönərə əsasən, qış aylarında tələbat çox olur. Ancaq indi yay olduğuna görə, havalar isti keçir və dönər alanların sayı xeyli azalıb.
Güman etmirəm ki, dönərin qiymətinin aşağı düşməsinin səbəbi ətdə olan problemdir, hətta bazarda ətin qiyməti necə varsa, elə də qalıb. Sadəcə, sahibkarlar isti aylarda ətin tez xarab olmasını nəzərə alaraq onun qiymətini aşağı salır ki, tez satılsın.
Əgər hansısa bir dönərxanadan sakinlər xırda bir problemlə bağlı xəbər versələr, biz dərhal həmin yerdə araşdırma aparmağa hazırıq.
Alıcının dönər aldığı yerdən sertifikat belə istəməyə haqqı var” - İmran Abdullayev deyib.
