Bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Ümummilli lider, Ulu öndər Heydər Əliyevin 91 illik yubileyi münasibətilə tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, əvvəlcə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu öndərin həyat və fəaliyyətini, keçdiyi ömür yolunu əks etdirən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev bildirdi ki, Azərbaycanda nəqliyyat sektorunun inkişafı hələ Ümummili lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən diqqət mərkəzində olub və onun hakimiyyətə yenidən qayıdışından sonra da uğurla davam etdirilib.
Hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev cənablarının diqqət yetirdiyi və qayğı göstərdiyi əsas sahələrdən biri məhz nəqliyyat sektorunun inkişafıdır və bu istiqamətdə xeyli struktur layihələr həyata keçirilməkdədir.
Daha sonra baş direktorun müavini texniki direktor İbrahim Əliyev çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
Tədbirdən sonra Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər gül dəstələri qoyulub.