Dünən axşam Sabunçu rayon 13-cü polis bölməsinin həyətində əsl döyüş filminə xas hadisələr yaşanıb.
Bakıxanov qəsəbəsi sakini Kamil Rəhimov arvadı və qohumlarını buraxmayacaqları təqdirdə, polisləri cəzalandıracağı ilə hədələyib, Sabunçu rayon 13-cü polis bölməsindən bildiriblər.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən məlumat veriblər.
Belə ki, iyulun 16-da gecə saat 3 radələrində Bakıxanov qəsəbəsi Məmmədbəyli küçəsi ev 1-də yaşanan qalmaqal zamanı Əmrah Rəhimli və onun qohumu (bacısının əri) Xəyal Kərimov bıçaqla evlərində kirayə qalan Anar Təhməzov və onun qonağı Xəyal Quluzadəni yaralayıblar. Cinayəta aidiyyatı olan Kərimov və Rəhimli həbs edilib, yaralılar isə xəstəxanaya yerləşdiriliblər.
Aparılan araşdırmalardan sonra məlum olub ki, münaqişə evdə kirayə qalan şəxsin pulu gecikdirməsi ilə bağlı yaranıb. Daha dəqiqliklə, Təhməzov mənzilhaqqını vaxtında ödəyə bilməyib, buna görə də, Əmrah Rəhimlinin anası – Mətanət Rəhimova Təhməzovun bütün əşyalarını küçəyə atıb və dərhal evdən çıxmasını tələb edib. Bu zaman çölə atılmış əşyalara görə onların arasında münaqişə başlayıb və qadın oğlu ilə kürəkənindən mənzildə qalan şəxs, onun qonağı ilə hesablaşmağı əmr edib.
Səs-küyə qonşular, onların ardınca isə polislər gəliblər və qadının oğlu və kürəkəni ilə yanaşı, onun özünü də həbs ediblər. Bu vaxta kimi isə artıq üç nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.
Bir qədər vaxt ötdükdən sonra bölməyə Mətanət Kərimovanın əri – Kamil Rəhimov gəlib. Kişi arvadı, oğlu və kürəkənini buraxmağı tələb edib. Polislərin sakitləşmək haqqında tələbləri kişini daha da əsəbləşdirib. O, təəccüblənmiş polislərin gözü qarşısında başını növbətçi bölmənin arakəsməsini təşkil edən şüşəyə vurmağa başlayıb və onu sındırıb. Bu zaman özü də başından yaralanıb. Lakin bu hərəkətləri Rəhimova kömək etməyib, əksinə, o da müvəqqəti saxlama kamerasında olan qohumlarına “qovuşub”. Onların sayı artaraq dördə çatıb.
Bildirilir ki, Kərimovların ailəsi çox problemlidir, dəfələrlə hüquq-mühafizə orqanları ilə işləri olub. M.Kərimovanın həyat yoldaşı 2010-cu ildə törətdiyi cinayətlərə görə axtarışda olub (xuliqanlıq, dövlət nümayəndəsinə müqavimət göstərmək).
Mətanə Kərimova isə kiçik otaqları müəyyən məbləğdə kirayəyə verməklə pul qazanır. Polislər qadının həyətində kirayənişinlər üçün nəzərdə tutulmuş 10-a yaxın otaq sayıblar.
Bir il əvvəl növbəti insident zamanı Sabunçu rayon prokurorluğunun binası qarşısında Mətanət Rəhimova üzərinə benzin tökərək, özünü yandırmaqla hədələyirmiş. Lakin sonradan ya mane oldular, ya da o özü fikrini dəyişdi...
“Ailə çox problemlidir, bunu bilən onlara baş qoşmamağa üstünlük verir” – deyə, 13-cü bölmədən bildiriblər.
Faktla bağlı araşdırma davam edir.