Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (SOCAR) büdcə gəlirləri 6 726,4 mln. manat, büdcə xərcləri isə 5 791,2 mln. manat təşkil edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, fonddan verilən məlumata görə, 2013-cü ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 488,7 mln. manat, o cümlədən mənfəət neftin və qazın satışından 6 482,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 3,9 mln. manat, bonus ödənişləri 0,3 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlər 0,04 mln. manat təşkil edib.
İlk yarımillik ərzində Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 237,7 mln. manat olub.
Hesabat dövrü ərzində SOCAR-in 2013-cü il büdcəsinin icrası çərçivəsində 5 534,6 mln. manat həcmində vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 157,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 74,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,9 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 6,3 mln. manat yönəldilib.
Hesabat dövründə Fondun idarə edilməsi ilə bağlı xərclər 15,9 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı SOCAR-in büdcədənkənar xərci 521,6 mln. manata bərabər olub.
Nəticədə, iyulun 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 mln. dollar) nisbətən 1,6% artaraq 34 678,4 mln. dollara bərabər olub.
Qeyd edək ki, 2012-ci ildən etibarən Dövlət Neft Fondu qızılın alınmasına başlayıb və bu ilin iyulun 1-nə Fond tərəfindən alınmış qızılın miqdarı 22 399 kq (720 146 troya unsiyası) təşkil edib.