Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Növbəti günlərdə ölkə ərazisindəki hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Avqustun 27-30-da bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Naxçıvan, Mingəçevir, Samux, Şəmkir, Daşkəsən, Göygöl, Sabirabad, Şirvan, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Ordubad, Culfa, Goranboy, Naftalan, Gəncə rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Avqustun 27-28-də bəzi bölgələrdə isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Oxu.Az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalının artdığını bildirib.
N.Mahmudov xidmət tərəfindən ölkə ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb:
"Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Şəkidə yüksək, Quba-Xaçmaz bölgəsində Quba, Qusarda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Yardımlı, Astarada yüksək, Naxçıvan MR-də Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib".
Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.
Rəylər