Novxanıdakı antisanitariya vəziyyətinin hökm sürdüyü kanal təmizlənir.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Bildirilib ki, polis əməkdaşlarının müşayiəti ilə aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür və ərazidə təmizlik işləri aparılır.
Abşeron rayonunun Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən kanalda yaranan antisanitar vəziyyət aradan qaldırılır.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından bildirilib ki, sözügedən ərazidə vətəndaşlar tərəfindən məişət tullantılarının qeyri-qanuni olaraq suvarma kanalına atılması nəticəsində bu cür vəziyyət yaranıb.
"Oktyabrın 2-dən əraziyə texnika və briqada cəlb olunaraq kanala atılmış məişət tullantılarının təmizlənməsi işləri həyata keçirilir. Yaranmış arzuolunmaz hallarla bağlı sakinlərə müraciət edirik - suvarma kanalları məişət tullantılarının atılması üçün deyil, ərazilərin suvarılmasının təmin edilməsi üçün nəzərdə tutulub. Bu səbəbdən xahiş edirik, məişət tullantılarını suvarma kanallarına və digər su təyinatlı obyektlərə atmayasınız. Hər birimizin diqqətli və məsuliyyətli davranışı ətraf mühitin, ictimai məkanların və su təsərrüfatı obyektlərinin çirklənməsinin qarşısının alınmasına kömək edəcək", - deyə məlumatda bildirilib.
Abşeron rayonunun Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən suvarma kanalında yaranan zibillik sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub.

Şikayətçinin sözlərinə görə, son günlər kanalın həmin hissəsində suyun üzərində çoxlu sayda məişət tullantısı toplanıb. Nəticədə ərazidə antisanitar vəziyyət yaranıb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) elektron ünvanına müraciət etsə də, indiyədək hər hansı tədbir görülməyib.
Şikayətlə bağlı aidiyyəti üzrə sorğu verilib.