Abşeron rayonunun Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən kanalda yaranmış antisanitar vəziyyət tamamilə aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Bildirilib ki, ərazidə iki gün davam edən təmizlik işləri aidiyyəti qurumlar tərəfindən polis əməkdaşlarının müşayiəti ilə həyata keçirilib. Nəticədə kanal və ətraf ərazi məişət tullantılarından tam təmizlənib.
"Ümid edirik ki, ərazidə yaşayan vətəndaşlar bir daha məişət tullantılarını kanala atmazlar. Antisanitar vəziyyətin yaranmaması ilk növbədə ərazidə yaşayan vətəndaşların marağında olmalıdır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən kanala vətəndaşlar tərəfindən tullantıların atılması nəticəsində ərazidə acınacaqlı vəziyyətin yaranması barədə məlumat vermişdik.