Azərbaycan enerji resurslarının dünya bazarına, əsasən də Avropaya çatdırılması rəsmi Bakının xarici siyasi fəaliyyətinin əsas istiqamətlərindəndir.
Oxu.Az xəbər verir ki, bu barədə “Nezavisimaya Qazeta” yazır.
“Bu mövzu praktiki olaraq respublika rəhbərliyinin Avropa liderləri ilə bütün danışıqlarına daxil edilir. İlham Əliyevin bu ərəfədə İtaliyaya, daha öncə isə Yunanıstana səfərləri də istisna olmadı.
Romada prezident Əliyevə çox böyük diqqət göstərildi. O, İtaliya prezidenti Corco Napolitano, italyan senatının sədri Pyetro Qrasso ilə görüşdü. Rəsmi mənbələrin verdiyi məlumata görə söhbət zamanı tərəflər Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurlu inkişafından razı qaldıqlarını bildiriblər. İtaliyanın Azərbaycanın əsas ticari əməkdaşlarından olduğu vurğulanıb, iqtisadi əməkdaşlığın diversifikasiyası qeyd edilib.
Danışıqların nəticəsində İtaliyanın baş naziri Matteo Rensi ilə bir sıra ikitərəfli sənədlər: strateji əməkdaşlıq haqqında müştərək deklarasiya, eləcə də dəniz nəqliyyatı, iqtisadiyyat, mədəniyyət və idman sahəsində əməkdaşlıq barədə sazişlər imzalanıb.
Danışıqlar zamanı iki ölkə arasında əlaqələrin strateji səviyyəyə çatması vurğulanıb. İlham Əliyev və Matteo Rensi Azərbaycan-İtaliya münasibətlərini Avropa İttifaqı ilə əməkdaşlıq nöqteyi-nəzərindən dəyərləndirərək bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əmin olduqlarını bildirdilər. Tərəflər birinci növbədə energetika sahəsində əməkdaşlığın perspektivlərini nəzərdə tutublar!” - “NQ”nin “İtaliya və Yunanıstan Xəzərdən qaz gözləyir” başlığı altında yazılmış məqaləsində qeyd edilirdi.
Qəzetin yazdığı kimi söhbət Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qazın ötürülməsindən gedir.
“Təxminən bir il bundan öncə “Şahdəniz” konsorsiumu və doqquz Avropa şirkəti arasında “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının alqı-satqısı barədə müqavilə imzalanıb. Sənədə uyğun olaraq 2019-cu ildən 10 milyard kubmetr qaz Avropa bazarına çatdırılacaq, bundan 8 milyard kubmetr İtaliyaya çatdırılacaq. Qalan 2 milyard kub m isə Yunanıstan və Bolqariya arasında bölünəcək. Məlum olduğu kimi bu həcmdə qazın çatdırılması üçün Trans-Adriatik Pipeline (TAP) və TANAP tikinti layihəsi həyata keçirilir. Bakı, Ankara, Afina və Sofiya bu layihəyə enerjidaşıyıcılarının Avropaya çatdırılma marşrutlarının diversifikasiyası nöqteyi-nəzərindən böyük məna verirlər. TAP və TANAP-ın mənası barədə keçən ay prezident İlham Əliyev Yunanıstana səfəri zamanı danışıb.
“Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şahdəniz”, TANAP və TAP layihələri hal-hazırda Avropada iri infrastruktur layihələridir. Onların realizəsi nəticəsində Azərbaycan onilliklər ərzində təbii qazı Avropa bazarına çatdıracaq”, - İlham Əliyev Afinada jurnalistlərə bildirib.
Yerli analitiklərin fikrinə görə, əgər Ukrayna hadisələrinə görə Rusiya ilə Qərb arasındakı hadisələr öz əksini tapmazsa, Azərbaycan qazına diqqət yaxın illər ərzində daha da arta bilər.
Bu fonda Avropa üçün TANAP və TAP layihələrinin mənası daha da artır. Azərbaycana gəldikdə isə analitiklərin qeyd etdikləri kimi iki əsas dividend əldə edəcək. Birincisi, Aİ ilə münasibətlərini daha da möhkəmləndirəcək. İkincisi isə ölkənin təhlükəsizliyi sahəsində beynəlxalq zəmanətə ümid edə bilər ki, bu da ekspertlərin fikrincə bütün postsovet ölkələri üçün çox aktualdır”, - məqalədə qeyd edilir.