MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlama verib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, şura sədri jurnalistlərə açıqlamasında deyib ki, şura televiziyalarda intellektual verilişlərin daha çox yer almasının tərəfdarıdır:
“Çünki televiziya cəmiyyəti öz arxasınca aparan bir vasitədir. Ona görə də burada intellektual proqraqmların sayı daha çox olmalıdır”.
MTRŞ sədri qeyd edib ki, bu yaxınlarda lisenziya verilmiş “Region TV” yaxın günlərdə fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanda hər hansı yeni bir televiziyanın açılmasının gözlənilmədiyini söyləyən N.Məhərrəmlinin sözlərinə görə, telekanalların sayı Azərbaycanın əhalisi və say tərkibinə görə kifayətdir.
Şura sədri özəl televiziyalarda bədii şuraların yaranmasını da vacib hesab edib:
“Hazırda bazar iqtisadiyyatı olduğu üçün biz özəl televiziyaların işinə qarışa bilmərik. Amma çox arzulayardıq ki, özəl televiziyalarda da bədii şuralar yaransın. Əgər yaranarsa biz onlara dəstək göstərə bilərik”.