Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı Azərbaycan AUKAA-nın digər üzvü Xəyalə İsmayılovadır. Xəyalə xanımla görüşümüz ADA Universitetində baş tutdu.
- ADA Universiteti ölkəmizin fərqli təhsil ocaqlarındandır. Kənardan çox maraqlı və cəlbedici görünür. Buna görə də, öncə istərdik, universitetdəki işiniz barədə məlumat verəsiniz.
- ADA Universiteti elə daxilən də maraqlı və cəlbedicidir (gülür). Biz doğrudan da fərqli təhsil sistemi qura bilmişik. Avropa və Amerika universitetlərinin malik olduğu təhsil metodları bizim üçün artıq yenilik deyil. Amma bu səviyyə bizi arxayınlaşdırmır. Universitet keyfiyyətli təhsil üçün dayanmadan yeni metodlar tətbiq etməkdədir.
Azərbaycanın təhsil sistemində yeniliklər etmək, dünya standartlarına uyğunlaşdırmaq üçün əlimizdən gələni edirik. Mən universitetdə Tədris İşləri üzrə şöbədə keyfiyyətin yoxlanması və nəzarəti üzrə koordinatoram. Yəni biz təhsil prosesinin sonunda tədris proqramlarının qiymətləndirilməsini aparır, bununla da təhsilin keyfiyyətini həmişə nəzarətdə saxlamağa çalışırıq.
- Ölkəmiz üçün yeni sayılan bir sahədə çalışırsınız. Bu sahəni öyrənmək qərarına necə gəldiniz?
- Öncə qeyd edim ki, iş fəaliyyətimə elə ADA Universitetində başlamışam. Bakalavrdan sonra magistr təhsilimi hansı istiqamətdə almaq barədə uzun müddət düşündüm. 4 il burada çalışdıqdan sonra əmin oldum ki, mən təhsil sahəsində magistr təhsili almaq istəyirəm və İngiltərədə Təhsilin İdarə Olunması ixtisasını seçdim. Qədim Lids (Leeds) Universiteti bu ixtisas üzrə yüksək təhsil verdiyi üçün diqqətimi cəlb etdi. Qrupumuzda cəmi iki ingilis tələbə vardı. Digərləri mənim kimi xaricdən gəlmişdilər. Qrup yoldaşlarım öz ölkələrində təhsil sahəsi üzrə mütəxəssislər idi. Bu da eyni anda bir neçə ölkənin təhsil sistemi ilə tanışlıq deməkdir. Bir təcrübəmi bölüşmək istərdim. Sizi əmin edirəm ki, magistratura təhsili almadan öncə mütləq bir müddət işləmək lazımdır.
Bu halda siz hansı istiqamətə yönəlmək istədiyinizi dəqiqləşdirir və son qərarınızı verə bilirsiniz. Mən elə təhsil sahəsində çalışırdım, təcrübi biliklərim vardı. Magistr təhsili isə mənə bu sahədəki praktiki biliklərimi nəzəri biliklərlə tamamlamağa kömək etdi.
- Azərbaycanda magistr təhsilini bakalavrı bitirdikdən dərhal sonra almaq ənənəsi var.
- Haqlısınız. Nədənsə bizdə diplom hər şeydən daha önəmlidir. Təhsil aldığın ixtisas ikinci dərəcəlidir. Bu isə kökündən yanlış yanaşmadır. Amma indi xaricdə təhsil almaq daha rahatdır və imkanlar genişdir. Xaricdə təhsil alan gənclərin sayı çoxaldıqca, bu yanaşmalar da aradan qalxacaq. Çünki xaricdə təhsil almaq insanların fikirlərinə, yaşam tərzlərinə təsir edir.
- İngiltərə həyatı sizi nə qədər dəyişdirə bildi?
- Əslində böyük dəyişiklik baş vermədi. Çünki mən oraya gedəndə artıq 25 yaşım vardı. İnsanın dəyərləri oturuşubsa, o zaman kənar təsirlər güclü olmur.
- Amma bəzən nələrisə mütləq dəyişmək lazım gəlir...
- Doğrudur, dəyişmək də qaçılmazdır. Ancaq dəyişikliyin mənbəyi, nəticəsi də önəmlidir. Əlbəttə, oxuduqca, işlədikcə təcrübə toplayırsan, dəyişirsən, yenilikləri öyrənirsən, uğur qazanırsan və özündə gedən inkişafı hiss edirsən. Eyni zamanda, uğursuzluqlar da insana yaxşı təsir edə bilir. Uğursuzluğa düçar olduqda zəif cəhətlərimizi görüb, onların üzərində çalışırıq.
- Xəyalə xanım, gələcək planlarınız haqda da bilmək istərdik...
- Təhsilimi doktoranturada davam etdirmək istəyirəm. Fikirləşirəm ki, gələcəkdə Təhsil Məktəbi yaradılsa, istər ADA Universitetində, istərsə də digər universitetlərdə bu sahədə doktorantura təhsili almış mütəxəssislərə ehtiyac olacaq.
- Görünür, təhsil sahəsində daha böyük uğurları hədəfləmisiniz.
- Doğrusu, mən uğur və uğursuzluq məfhumlarına fərqli yanaşıram. Düşünürəm ki, uğursuzluq deyilən şey yoxdur. Siz hansısa sahədə, işdə, layihədə özünüzü sınayırsınız və anlayırsınız ki, bu sahədə istədiyiniz səviyyədə yaxşı deyilsiniz. Bu, uğursuzluq deyil, bu cəhd sizə digər sahələrdə də özünüzü sınamağa və sizə ən uyğun sahəni seçməyə imkan yaradır. Mənim üçün nə istədiyini bilmək, karyeranın gələcəyini görmək və işindən zövq almaq uğura aparan yoldur.
Sədan Bünyadova
www.oxu.az