Bakı-Tbilisi-Qars layihəsinin dəmir yolunun tikintisinin maliyyələşdirilməsinə başlayandan etibarən 1 aprel 2014-cü il tarixinə qədər Dövlət Neft Fondu (SOFAZ) tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat Nazirliyinə ümumilikdə 470,6 milyon ABŞ dolları, o cümlədən 2014-cü ilin yanvar-mart ayları üzrə 6,5 milyon ABŞ dolları vəsait ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat SOFAZ-ın rəsmi səhifəsində yerləşdirilib.
Bu vəsait Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış ikitərəfli sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış “Marabda – Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülüb.
Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan Respublikası tərəfindən 775 milyon ABŞ dolları həcmində kredit vəsaitinin ayrılması nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2007-ci il 1974 saylı Fərmanına uyğun olaraq, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Azərbaycan Respublikası Dövlət Neft Fondu həyata keçirir.
Gülnarə Zeynalova
www.oxu.az