Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ödənişli yolda sürət həddi 110 km/saat olacaq? - AÇIQLAMA + FOTO
Son günlər Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu müzakirələrə səbəb olub.
Yolun işləmə mexanizmini tənzimləyəcək qaydalar hələ də hazırlanma mərhələsində olduğundan davamlı müzakirə edilən məsələlərdən biri ödənişli yol üçün təyin ediləcək sürət həddi ilə bağlıdır. Digər tərəfdən, sürücülər məsafənin cəmi 13 km qısalması üçün 12 manat ödənişi çox hesab edirlər.
Bəs dünya praktikasında bu cür ödənişli yolların işləmə mexanizmi hansı formadadır? Bizdə hansı formada olacaq və ya olmalıdır?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev mövzu ilə əlaqədar Oxu.Az-a bildirib ki, ödənişli yol praktikası Azərbaycan üçün yenidir.
Onun sözlərinə görə, bu mövzu son beş ildir ki, müzakirə edilirdi:
“Əsas məsələ ödənişli yolun eyni keyfiyyətdə pulsuz alternativinin olmasıdır. Bu, əsas şərtdir. Mövcud Bakı-Quba yolunun son illərdə əsaslı təmiri aparılıb ki, bu da müsbət haldır. Digər məsələ sistemin hələ də təkmilləşmə prosesinin davam etməsidir. Bu təcrübə Rusiyada 2009-cu ildən, Belarusda 2011-dən mövcuddur. Bundan başqa, Qazaxıstan, Türkmənistan, eləcə də Avropa ölkələrində də ödənişli yol praktikası tətbiq edilir. Azərbaycanda “Yol hərəkəti haqqında” Qanunun müvafiq bəndinə əsasən, respublika ərazisindəki magistral yollarda maksimum sürət həddi 110 km/saat təyin edilib. Düşünürəm ki, ödənişli yolun sürəti də 110 km/saat təyin ediləcək.
Həmin yolda qəza riskləri minimumdur. Görülən təhlükəsizlik tədbirləri qarşı tərəfdən gələn nəqliyyat vasitələrinin digər tərəfə keçmə ehtimalını sıfıra endirib. Həmçinin, yolboyu quraşdırılmış nişanlarla istiqamətləri müəyyən edə bilirik. 150 kilometrlik yolun yalnız 129 km-lik hissəsi ödənişli əsaslarla istifadə ediləcək. Bu da sürətli, təhlükəsiz və komfortlu hərəkəti təmin edəcək. Seçim imkanı sürücülərindir, kim hansı alternativi istəsə, onu da seçə bilər.
Əsas məsələ respublikanın magistral yollarında elektron tərəzilərin quraşdırılması məsələsi idi. Onu da artıq beş ay bundan öncə quraşdırmağa başladılar. Bu da sərt qabarit nəzarətinin önəmini göstərir. Keyfiyyətli yol tikilməsindən əlavə, ona sərt nəzarət və savadlı istismar önəmlidir ki, yolun “ömrü” mümkün qədər uzun olsun. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu istiqamətdə yeni texnologiyaları tətbiq edir. Türkiyədən gətirilən yeni avadanlıqlar da qeyd edilən istiqamətdə quraşdırılıb”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, sürət həddi ilə bağlı məsələ hələ müzakirə mərhələsindədir:
“Ödənişli Quba yolunun giriş-çıxış nöqtələri ilə yanaşı, iri yaşayış məntəqələrinə daxil olmaq və çıxmaq üçün də dörd məntəqə fəaliyyət göstərir. Bunlar Giləzi, Siyəzən, Gəndob və Xaçmaz məntəqələridir. Hazırda ödənişli yoldan istifadə qaydaları müəyyənləşdirilir. Qaydalarla yolda hərəkət üçün sürət məsələsi də təyin ediləcək. Ödənişli yolun digər magistral yollardan daha sürətli olması planlaşdırılır. Ödəniş məsələsi nağd və bank kartları vasitəsilə, eləcə də onlayn formada həyata keçirilə biləcək”.
A.Nəcəfli qeyd edib ki, avtomobil yollarında müvafiq elektron tərəzi və çiplərin quraşdırılması üçün avtomobil yollarının konstruktiv mühəndis xüsusiyyətləri nəzərə alınıb:
“Belə ki, birinci mərhələdə 11 yerdə olmaqla yolun sağ və sol tərəflərində cəmi 19 elektron tərəzinin quraşdırılması nəzərdə tutulub. İkinci mərhələdə isə 20 yerdə avtomobil yollarının sağ və sol tərəflərində 29 tərəzinin quraşdırılması nəzərdə tutulur. Məlumatların vahid mərkəzdə tutulması üçün tərəzilərin idarəetmə mərkəzinin yaradılması da gözlənilir”.
Könül Cəfərli
"Ağamirzə" teqi üzrə xəbərlər
- Avtomobilsiz mərkəz və keçilməz tıxac qorxusu: “Zona Qış parkına qədər uzana bilər” - FOTO
- Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - AÇIQLAMA + FOTO
- Bakıda dəmiryol xətlərinin sökülməsinin səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürmə - AÇIQLAMA
Rəylər