Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 34 ünvanında yaşayan Adilə xanım oğluna toy çaldırmaq istəsə də, evinin bir hissəsinin uçurulması bütün planlarını alt-üst edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, mətbəxinin bir tərəfi uçduğundan xeyir iş üçün, evində təmir işlərinə başlayıb. Bunun üçün həyətinə daş-qum da gətizdirib. Amma ərazi üzərə MİS işçiləri o, evdə olmayanda yarımçıq tikilini uçurublar, üstəlik bütün kommunikasiya xətlərini də sıradan çıxarıblar.
Tikintinin uçurulmasına səbəb kimi isə evin tikinti layihəsindən kənara çıxılması və sakinlərin istifadə etdiyi səkinin zəbt olunması göstərilib. Amma Adilə xanım ortada başqa versiyaların olduğunu deyir.
Ev sahibi ərazi üzrə MİS-ə və Nəsimi Rayon İcra Hakimiyyətinə də müraciət edib. Lakin suallarına tutarlı cavab ala bilməyib.
Qaranlıq qalan məqamlara 59 saylı MİS-in rəisi Ələsgər Rüstəmov aydınlıq gətirdi. Sözügedən bir otaqlı yaşayış mənzilinin texniki pasportunda onun qarşısında heç bir əlavə tikilinin göstərilmədiyini bildirdi. Onu da əlavə etdi ki, uzun illər bu, evin qarşısında məhəccərə bənzər kiçik tikili olub. Elə hər şey də Adilə xanımın həmin tikilinin həcmini böyütmək istəyindən sonra başlayıb.
Hər halda aidiyyatı qurumlar Adilə xanıma çıxış yolunu göstəriblər.