Oğuz rayonunda güclü külək kəndləri elektrik enerjisiz qoyub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonda əsən şiddətli külək irigövdəli ağacı kökündən qopararaq elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə bir neçə kəndi elektrik enerjisi ilə təmin edən naqillər qırılıb.
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayon ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib. Elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 5 min nəfər işıqsız qalıb.
Aşan ağacın kəsilərək ərazidən təmizlənməsi və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.
Hazırda Oğuz rayonunda güclü külək əsməkdə davam edir.
19:21
Gədəbəydə bir neçə evin dam örtüyü dağılıb, elektrik təsərrüfatına ziyan dəyib.
“Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində Gədəbəy rayonunda və Şəmkirin bir neçə dağlıq kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, xətlər sıradan çıxıb.
Bir neçə evin dam örtüyü dağılıb.
Qeyd edək ki, elektrik enerjisinin verilməsində yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır.
18:44
Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb.
“Report”un məlumatına görə, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.
Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.