“İstərdik ki, vətəndaşlar geri qayıtmaq imkanına malik olsunlar, amma zorla bunu etmək heç də mümkün deyil”.
Bu sözləri Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov “Report”un Şərqi Avropa bürosuna müsahibəsində ölkəsinin gündəmində duran məsələlər - səfərbərlik haqqında qanun layihəsi, Rusiya-Ukrayna müharibəsi haqqında danışarkən deyib.
- Səfərbərlik barədə yeni qanun layihəsinin bu qədər səs küyə səbəb olması, müzakirəsinin gecikməsi nə ilə əlaqədardır? Hansı məqamlar ictimaiyyətin mövqeyi ilə üst-üstə düşmür?
- Səfərbərlik 2022-ci ilin fevralın 24-də hərbi vəziyyətin tətbiqindən dərhal sonra başlayıb və bir gün belə dayandırılmayıb. İndi bu prosesi ədalətli etmək üçün bəzi düzəlişlər etməliyik. Söhbət məhz bundan gedir. Silahlı qüvvələrə cəlb edilən vətəndaşlar bilməlidirlər ki, nə qədər müddətə, hansı şərtlərlə hazırlıq işləri aparılacaq. Böyük problemlərin olacağına inanmırıq. Sadəcə olaraq, insanlar bu qanunun son layihəsini görmədikdə, bəzi şeylərə fərqli fikir bildirə bilərlər. Amma əminəm ki, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinə daxil olanlar üçün ədalətli bir qanun qəbul ediləcək.
- O zaman müzakirələr nə vaxta gözlənilir?
-Bu, Ali Radanın deputatlarından asılıdır. Onlar qanunvericidirlər və bu onların hüququdur.
- Yeni layihədə ölkədən xaricdə olan çağırışçıların səfərbərliyə cəlb olunması bildirilir. Onların geri qayıdıb orduya cəlb olunması üçün hansı mexanizm var?
- Başa düşürük ki, başqa ölkənin ərazisində olan şəxs də həmin ölkənin qanunlarına tabedir. İstərdik ki, vətəndaşlar geri qayıtmaq imkanına malik olsunlar, amma zorla bunu etmək heç də mümkün deyil. Əgər onlar rəsmi olaraq hərbi təcavüzdən əziyyət çəkən qaçqın kimi həmin ölkənin ərazisindədirlərsə, o zaman həmin ölkənin bu məsələ ilə bağlı öz qanunvericiliyi də var. Biz hüquqi cəhətdən müdaxilələr edə bilmərik.
- Son vaxtlar ekspertlər Rusiyanın Avropa ölkələrinə də hücumu ilə bağlı proqnozlar verirlər. Bunu real hesab edirsinizmi?
- Əgər Rusiya Ukrayna ərazisindəki müharibədə məğlub olarsa, təbii ki, Avropada müharibə olmayacaq. Avropa indiki prosesləri qıraqdan izləməyi davam edərsə və ölkəmizə fəal kömək etməzsə, ola bilər ki, NATO ölkələri Rusiya ilə vuruşmağa məcbur olacaq. NATO-dakılar, Qərb indi qərar verməlidir.
- Son vaxtlar xarici və yerli mətbuatda Ukrayna və Rusiya arasında gizli danışıqların aparılmasından bəhs edilir. Bu həqiqətdirmi və mövzu nədir?
- Biz Rusiya ilə heç bir danışıqlar aparmırıq. Onların dediklərinin hamısı cəfəngiyyatdır və reallığa uyğun gəlmir. Danışıqların aparılması üçün müvafiq səlahiyyətlər verilməklə Ukrayna Prezidentinin sərəncamı ilə təsdiq edilmiş danışıqlar qrupu yaradılmalıdır. Biz heç bir danışıqlar aparmamışıq.
- ABŞ-nin yardımının ləngiməsi də son vaxtlar müzakirə mövzusudur. Ukraynada yerli sənayenin inkişafı fonunda onun yardımı bərpa olunmazsa, alternativ nələr düşünülür?
- Bizcə, ABŞ-nin yardımı tamamilə dayandırılmayacaq. Onların öz daxili prosesləri var. Bəzi nüanslar seçki dövrünə təsadüf etdi. Amma əminəm ki, onlar bizim xeyrimizə olacaq bir həll tapacaqlar.
- Böyük Britaniya və digər ölkələrin son günlər Ukraynanın təhlükəsizliyinə qarant durma ilə bağlı ciddi əməkdaşlıqlara imza atılır. Bu, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin təhlükəsizliyinin tam bərpasını nə qədər sürətləndirə bilər?
- Biz mütləq bütün ərazilərimizi 1991-ci ildəki sərhədlər daxilində qaytaracağıq, çünki bu, bizim əsasımızdır, Konstitusiyamızın əsasıdır. Yeganə qalan vaxt məsələsidir. Rusiyaya gəlincə, Qərb ölkələri onun dağılmasına hazırlaşmalıdırlar. O indiki formada olmayacaq, mütləq dağılacaq. Bunu Qərbdə də, Rusiyanın qonşuları da bilməlidirlər. Onun 100 illik dövrü başa çatdı. Süni bir qurumdur. Ərazisində nə ruslar, nə də Rusiya ilə heç bir əlaqəsi olmayan çoxlu xalqlar yaşayır. Onların dini, dili, adət-ənənələri və sair Rusiyadan fərqlidir. 1917-ci il çevrilişindən sonra onlar zorla ilhaq edilərək bu bataqlığa düşdülər. Oradan çıxanda müstəqil İçkeriya, müstəqil Dağıstan, Tatarıstan və bir çox başqa müstəqil ölkələr yaranacaq.
- Axır vaxtlar Ukrayna Rusiya ərazisinə zərbələr endirir. Yəqin ki, bu əsasən Ukrayna şəhərlərinə Rusiyadan atılan raketlərə cavabdır...
- Rusiya ərazisində yerləşən hərbi obyektlərin dağıdılmasına gəlincə, onlar bizim üçün hədəfdir. Biz onları mütləq məhv edəcəyik. Ən çox dənizdə, cəbhənin Qara dəniz cinahında uğur qazanırıq. Bu il qüvvələrimiz çox mühüm hədəfi - işğalçılar üçün çox vacib vəzifəni yerinə yetirən A-50 təyyarəsini məhv edib. Onların yalnız bir neçə belə təyyarəsi var. Biz mülki əhali ilə müharibə aparmırıq. Bunlar yalnız hərbi obyektlər olacaq.
- Təbii ki, konkret vaxt soruşmaq çətindir. Sizcə, müharibənin nə qədər davam edəcəyini söyləmək olar?
- Ədalət bizim tərəfimizdədir, səbirli olmalıyıq. Biz xalqımızın azadlığı naminə mübarizə aparırıq. Bilirsiniz ki, xalqın mübarizəsi nə qədər uzun olsa da, sonda öz nəticəsini verir. Mübarizə aparmalıyıq və aparacağıq da. Qələbə isə mütləq bizim olacaq. Bildiyiniz kimi, Böyük Britaniya ilə böyük müqavilə imzalayan ilk ölkələrdən biri olmuşuq. Bu, ilk növbədə maksimum əməkdaşlıq haqqındadır və təkcə təhlükəsizlik və müdafiə sektoruna deyil, bir çox başqa sahələrə aiddir. Bizim üçün çox vacib bir şeydir. İndi müharibə dəyişib, daha texnoloji xarakter qazanır, insanlar da dəyişir. Tamamilə fərqli bacarıqlara malik insanlar var. 24 fevral 2022-ci ildə olan müharibə ilə indiki müharibə tamam başqadır. Bu, hətta texnoloji cəhətdən fərqli bir prosesdir.
Oleksiy Danilov: “Rusiya ilə heç bir danışıqlar aparmırıq” - MÜSAHİBƏ + FOTO/VİDEO