Son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edib. Müvafiq tövsiyələrlə bağlı bu gündən Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin göstərişi ilə bütün məhkəmə xidmətlərindən istifadə edənlər üçün maskadan istifadə məcburi edilib.
Oxu.Az ölkədə digər qurumlarda maska tələbi ilə bağlı hər hansı məcburiyyətin tətbiq edilib-edilmədiyi ilə bağlı sorğu keçirib.
Sorğumuza cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, ölkənin Səhiyyə Qurumları son zamanlar müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi tövsiyə edib. Səhiyyə Nazirliyinə daxil olan şəxslər də bu tövsiyəyə uyğun olaraq maskadan istifadə edirlər.
Mədəniyyət Nazirliyindən bildirilib ki, hələ ki, belə bir tələb qoyulmayıb.
“Azərsu” ASC-dən sorğumuza cavab olaraq bildirilib ki, maska tələbi ilə bağlı tövsiyələr nəzərə alınır, lakin hələ ki heç bir məcburiyyət yoxdur.
Dövlət Sərhəd Xidmətindən isə bildirilib ki, Xidmətin əməkdaşları arasında COVİD-19 xəstəliyinə kütləvi yoluxma halları qeydə alınmayıb. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tövsiyələri əsasında şəxsi heyət arasında maarifləndirmə işi aparılaraq vəziyyət nəzarətdə saxlanılır. Hazırda şəxsi heyətin maskadan istifadə edilməsi məcburiyyət xarakteri daşımır.
“Azəriqaz” İB-nin mətbuat xidmətindən bildirilib ki, Birlik əməkdaşları yoluxma hallarının artması səbəbi ilə sağlamlıqlarını qorumaq üçün könüllü şəkildə tibbi maskalardan istifadəyə üstünlük veriblər. Rəhbərlik tərəfindən heç bir məcburiyyət tətbiq edilməyib.
Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə ölkəmizdə qəbul edilən bütün qaydalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində də tətbiq edilib. Mütəmadi olaraq dezinfeksiya işləri aparılır və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir.
Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə sanitar-gigiyenik vəziyyətə daim ciddi nəzarət olunur.
Agentlik əməkdaşlarının 93%i hər üç doza ilə vaksinasiya olunub. Hazırda haqqında danışdığınız maska məcburiyyəti ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərar olmadığı, karantin şərtlərinin sərtləşdirilməsi həyata keçirilmədiyi və açıq ya qapalı məkanlarda tibbi maskadan məcburi istifadə tətbiq edilmədiyi üçün əməkdaşlara gigiyena qaydalarına əməl olunması ilə bağlı yalnız tövsiyələr verilib.
Könül Cəfərli