Azərbaycanın ən böyük və gözlənilən gənclər festivalı "Yay Fest" bu il də daha fərqli, əyləncəli formatda yenidən öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, çadır tipli düşərgə formatında olan festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "İDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilir.
"Yay Fest"in keçirilməsində məqsəd dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqinə, gənclərin inkişafı və onların asudə vaxtının səmərəli və əyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdir.
Minlərlə gəncin iştirak edəcəyi "Yay Fest" gənclər üçün enerjili və dinamik bir mühit yaratmaq üçün geniş əyləncə və öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival iki ay boyunca davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi bu il də tematik mövzulara uyğun səkkiz ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır.
Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.
Qeyd edək ki, iyulun 15-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Birlikdə daha yaşıl gələcəyə!" şüarı altında keçirilən "Yay Fest"in builki ilk düşərgəsinə start verilib. Düşərgə iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Düşərgənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Düşərgənin rəsmi açılış mərasimində dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər. Çıxış edən natiqlər Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyindən söz açıblar.
Əlavə olaraq, çıxışçılar bu ilki düşərgədə seçilən mövzuların ekologiya, ətraf-mühitin mühafizəsi və COP29-a həsr olunmasının əhəmiyyətindən, ekoloji problemlərin həllində gənclərin iştirakçılığının artırılmasından bəhs ediblər.
Bildirilib ki, builki düşərgə çərçivəsində yer alacaq COP həftəsi ərzində COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunacaq.
Qeyd edək ki, bir həftə davam edəcək silsilə düşərgələr, bu il daha geniş miqyasda və daha zəngin proqramlarla təşkil olunacaq. Düşərgənin proqramında gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyacaq.
Xüsusi vurğulayaq ki, düşərgədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Zəfərə və Azərbaycan dövlətçilik tarixinə həsr olunmuş sessiyalar təşkil ediləcək.
Həmçinin açıq havada gənclərin fərdi və peşəkar inkişafını təmin edilməsi və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif mövzular üzrə mütəxəssislərin iştirakı ilə panel müzakirələr, peşəkar təlimlər, idman yarışları, haykinq, əyləncəli və intellektual oyunlar keçiriləcək.
Gənclər üçün qeyri-formal öyrənmənin vacibliyini nəzərə alaraq, düşərgə iştirakçıları üçün ekoloji məsuliyyətliyi artıran master-klasslar, vörkşoplar və görüşlər təşkil ediləcək.
Nəzrin Vahid
Rəylər