İyul ayında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma ilə bağlı ümumilikdə 22 müraciət daxil olub.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəli ərazilərdə suya daxil olmamağa çağırır", - deyə məlumatda bildirilir.