"Real Madrid"in hücumçuları Endrik və Vinisius Junior, həmçinin "Leypziq"in vingeri Yan Diomande kimi tanınmış futbolçuların karyerasını idarə edən "Roc Nation Sports International" agentliyi mediaya sərt müraciət ünvanlayıb.
Oxu.Az xəbər verir ki, şirkət mətbuatı diqqət çəkmək xatirinə saxta xəbərlər yaymaqda ittiham edib.
"Qeyri-peşəkar və məlumatsız medianın diqqət çəkmək məqsədilə yalan və ləkələyici məlumatlar yaymasına "Roc Nation Sports International" və bütün komandamız laqeyd qala bilməz. Bunun heç bir əsas olmadan müştərilərimizə qarşı yönəldilməsi xüsusilə qəbuledilməzdir. Bu, dağıdıcı, zərərli bir addımdır və açıq-aşkar böhtandır. Media və jurnalistlər yazdıqları sözlərə görə məsuliyyət daşımalıdırlar", - deyə agentliyin sosial şəbəkə hesablarındakı rəsmi bəyanatında qeyd olunub.
Diqqətçəkən məqamlardan biri də odur ki, sözügedən sərt paylaşıma ilk reaksiya verənlərdən biri məhz Yan Diomande olub.
Xatırladaq ki, bundan əvvəl mətbuatda futbol dünyasını çalxalayan şayiələr yayılmış, Diomandenin "Real"a, Vinisiusun "Arsenal"a, Endrikin isə "Roma"ya keçməyə yaxın olduğu iddia edilmişdi.