Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Şəmkir rayonunun Könüllü kəndinin sakinlərinin əkin sahələrini suvara bilməmələri ilə bağlı yayılan məlumata münasibət bildirib.
ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sakinlərin problemi öz həllini tapıb:
“Şəmkir rayonunun Könüllü kəndinin bir qrup sakini Oxu.Az saytı vasitəsilə əkinlərinə suvarma suyunun verilməsində yaranmış çətinliklərin aradan qaldırılması üçün müraciət ediblər.
Məlumat üçün bildiririk ki, Könüllü kəndinə suvarma suyu mənbəyini Şəmkirçay Su Anbarından götürən, 20 000 min nəfərə yaxın əhalisi və 2 614 ha həyətyanı sahəsi olan Seyfəli kəndindən keçməklə Sağ sahil beton kanal vasitəsi ilə verilir”.
Qurumdan qeyd edilib ki, aprelin 4-də Şəmkirçay magistral kanalından Könüllü kəndinə sifon borular vasitəsilə suyun verilməsi təmin olunub.
Qeyd edək ki, Şəmkir rayonunun Könüllü kəndinin sakinləri əkin sahələrini suvara bilmədiklərindən əziyyət çəkdiklərini, susuzluq səbəbindən cari ildə sahələrdən məhsul götürə bilməyəcəklərini bildirmişdilər.
İlhamə Əbülfət