Bakı çimərliklərinin pulsuz olduğunu nə qədər desələr də, reallıqda başqa mənzərə müşahidə olunur.
Milli.Az xəbər verir ki, Day.Az-a oxucular tərəfindən göndərilən məktublar bunu bir daha təsdiq edir.
Firuzə Məmmədova adlı oxucu belə yazır:
“Hörmətli redaksiya, ötən il pullu çimərliklə bağlı sizə məlumat vermişdim. Bu il də elə həmin yerdə çimərliyə gələnlərdən bir manat alırlar. Pul yığana dedim ki, korrupsiya ilə mübarizə idarəsinə zəng vuracam. O isə dedi ki: “Xanım, zəng eləmək nəyə lazımdır ki? Siz pulsuz keçməyi xahiş elədiz, mən buraxmadım?” Başa düşmürəm, pulsuz çimərliyə pulsuz girmək üçün hələ bir xahiş də etməliyəm? 161 qaynar xəttinə zəng vurdum. Orada telefonu Rəşad adlı növbətçi prokuror götürdü. Vəziyyəti izah etdim. Bilmirəm ki, bu məsələ ilə bağlı tədbir görüləcək, ya yox. Şlaqbaumun yanında dayanan oğlan dedi ki, çimərliyin təmizliyinə nəzarət edir. Amma baxdım, çimərlikdə təmizlikdən heç söhbət gedə bilməzdi”.
Digər oxucu isə “Eldorado” çimərliyindəki vəziyyətdən şikayət edir:
“Sizin portalda dərc olunan çimərliklərin pulsuz olması ilə bağlı məqaləni oxumuşdum. Çimərliyin pulsuz olduğuna arxayın idim. Çimərliyin ərazisinə girəndə məndən pul tələb etdilər. Çimərlikdə çalışan Elşən Məmmədov və orada mühafizəçi kimi çalışan şəxs adambaşına dəniz kənarına getmək üçün 2 manat pul tələb etdilər. Əks təqdirdə polisə zəng vuracaqlarını dedilər. Mən bu hədələri eşitdikdən sonra özüm Daxili İşlər Nazirliyinin “qaynar xəttinə” - 102 xidmətinə - zəng vurdum. Mənim şikayətimi dinlədikdən və çimərlikdəki mühafizəçi ilə danışdıqdan sonra 102 xidmətinin Səmədov soyadlı operatoru dedi ki, zəngim qeydə alındı. “İndi bəs nə edim?” sualına isə belə cavab verdi: “Skandal yaratmayın və tələb olunan məbləği ödəyin”. Bundan sonra çimərlik ərazisinə girmək üçün 2 manatı ödəməli oldum. Bunu necə anlamaq olar? Xahiş edirəm, vəziyyəti izah edin”.
Emil adlı oxucu isə Buzovna çimərliyində analoji situasiya ilə qarşılaşıb:
“Bura özəl torpaq sahəsi deyil, ümumi çimərlikdir. Bu necə ola bilər? Bu ki, özbaşınalıqdır”.
Məsələyə münasibət bildirmək üçün saytın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentinin mətbuat katibi Əliabbas Bağırovla əlaqə saxlayıb.
“Heç kim çimərliyə girmək üçün pul tələb etmək hüququna malik deyil. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərinin qərarına əsasən, Bakı çimərliklərinə giriş pulsuzdur. Əgər çimərlik əməkdaşları vətəndaşlardan pul tələb edirlərsə, məsuliyyət onların öz üzərlərinə düşür. Sizin oxucu girişə görə pul verməməli idi”.
Ə.Bağırov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentinin 566-83-71 saylı “qaynar xətti” yaradılıb.
“Vətəndaşlar həmin nömrəyə zəng vura və faktlar barədə məlumat verə bilərlər. Bu günlərdə “qaynar xətt”ə Novxanı çimərliyindəki vəziyyətlə bağlı şikayət daxil olub. Həmin faktı araşdıracağıq”, - o qeyd edib.
www.milli.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin