Kubra Məhərrəmova yazır...
Əslində, bizimlə yola getmək çox çətindir. Yəni yola gediləsi millət deyilik.
İndi bir-bir nəql edəcəm, özünüz görəcəksiniz.
Dünənə qədər hamımız qışqır-bağır salmışdıq ki, bəs uşaqlarımız təhlükə altındadır, bağlayın məktəbləri.
Dünən Nazirlər Kabineti 2020-ci ilin mart ayının 3-dən 9-dək təlim-təhsil prosesinin dayandırılması barədə qərar qəbul etdi. Və bildirdi ki, bu zaman ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər intensivləşdiriləcək.
Bu xəbər el içinə çıxar-çıxmaz “Niquşun” rəfiqələri başladı ki, “bəs gördünüz, ölkəni virus basıb, karantinə bağladılar məktəbləri, belə olmasaydı bağlamazdılar” və bunun kimi dedi-qodu səviyyəsində olan onlarla “WhatsApp” səslərinin ardı-arası kəsilmədi. Heç birinin ağlına, beyninə gəlmədi ki, məktəbdə uşaqlar otura-otura oranı dezinfeksiya etmək mümkün deyil.
Sonra ikinci dalğa gəldi ki, “bəs ay camaat, mən uşağımı evdə tək qoyub necə işə gedim?” Dünənə kimi isə sosial şəbəkədə hamı deyirdi ki, “bəs iş yoxdu, evdə oturmuşuq”.
Üçüncü dalğa isə tələbələrdən gəldi ki, “əla, kefdəyik, gedək gəzməyə, Pes vurmağa, qəlyan çəkməyə”. Bunlara hələ də çatmır ki, bu, bayram tətili deyil.
Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn müraciətində bildirdi ki, “Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-biri ilə az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə, qabaqlayıcı tədbirdir”.
Kişi qızı istəyirəm bunu tirajlasın “WhatsApp”da. Koronavirusu – xəz dükanı bilib, havayı “şuba” gözləyən xalalara bildirsin ki, evdə oturmaq lazımdır. Toya-nişana gedib bütün qohum-əqrəbanın, yeddi nəsil-arxanın üz-gözündən öpmək lazım deyil. Uşaqları əyləncə məkanlarına, insanların sıx olduğu yerə aparmaq olmaz. Yoxsa elə Nigarın ərindən danışırlar.
Yaxşı, bu savadsızı, indi gəlirəm savadlısına. Çağırışa gələn tibbi personalı qoruyuca geyimdə görən kimi video çəkib, “ay cammaat, gəldilər xəstəni aparmağa, koronavirus bütün Bakını basıb” deyənlərə. Birincisi, tibb işçiləri respirator xəstəliklə bağlı, hərarəti olan xəstənin yanına gedirsə, ilk növbədə, özünü qorumalıdır. Çünki bu simptomlarla olan xəstə yalnız koronavirus daşıyıcısı ola bilməz. Digər infeksion xəstəliklər var ki, onlar da keçicidir. Tibb işçisi də mütləq bu geyimlərdə, bu “vid-fasonda” olmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi səhifəsində Azərbaycanda üç nəfərin koronavirusdan müalicə aldığı qeyd olunur. Hələlik ölən yoxdur. Amma bizimkilər üç nəfəri ediblər 300, onun da 299-nu artıq dəfn ediblər. Amma gizli, nə qəbirləri bilinir, nə də qohumları.
Bir dəstə də var ki, onların dərdi-səri sarımsaqdır. Tibb işçiləri deyir ki, istənilən virusdan qorunmaq üçün əlləri tez-tez yumaq, düzgün qidalanmaq, vitaminlər qəbul etmək, normal yatmaq lazımdır. Bu dəstə isə deyir ki, “yoxeee, bajı, eləjənə sarımsaq ye, bəsdi”.
Sonda demək istərdim ki, bir az məntiqlə düşünək. Bu viruslar həmişə olub və olacaq. Sadəcə, müəyyən qaydalar var ki, onlara riayət etmək lazımdır. Vallah, bir az təmizkar olsaq, küçəyə tüpürməsək, asqıranda ağzımızı tutsaq, burnumuzu qolumuza silməsək, hər şey yaxşı olacaq.