"Enerji olmadan bütün inqilablar nəticəsiz qalacaq".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə federal nazir Musadik Masud Malik WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "D-8 yüksəksəviyyəli enerji və şəhər dialoqu" adlı tədbirdə deyib.
O bildirib ki, bu gün dünyada bir sıra böyük inqilablar formalaşır:
"Nanotexnologiya, biotexnologiya inqilabı var. Həmçinin süni intellekt adlandırdığımız koqnitiv inqilab var və s. Bütün bunların arxasında daha böyük bir inqilab dayanır. Bu isə elektrikləşmə inqilabıdır. Enerji olmadan bütün bu inqilablar nəticəsiz qalacaq.
Enerji istehsal sistemlərimizin mərkəzindədir. Enerji inkişafımızın əsasındadır. Enerji hərəkətliliyimizin, dolanışığımızın və ən əsası mədəniyyətimizin mərkəzindədir.
Bir çox ölkələr müəyyən səviyyədə çox həssas vəziyyətdədir. Onların imkanları nədir? Onların sərvətləri nədir? Onlarda Günəş elə parlayır ki, bəzən insanlar bir neçə ay kölgəyə qaçmağa məcbur olurlar. Onlarda okeanlar və qitələr boyunca uzanan güclü külək dəhlizləri var. Onlarda buzlaqlardan axıb gələn və coşqu ilə enən sular var.
Bütün bunları bir araya gətirəndə onlar bir-birini tamamlayan mənbələrə çevrilir. Səhər Günəşimiz olur, axşam isə küləyimiz. Bu möhtəşəm deyilmi?
Əgər davamlı enerji təminatı istəyirsinizsə, bunları birləşdirirsiniz: səhər parlaq Günəş, axşam güclü külək. Üstünə coşqu ilə axan çayları da əlavə etdikdə böyük bir sistem yaranır. Bu təbii sərvətləri yaradıcılıqla birləşdirsək, düşünürəm ki, çox güclü bir sistem əldə edə bilərik".