Xırdalan şəhərində yaşayış binasında baş verən partlayışın fəsadları tam aradan qaldırılmayıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, gecə saatlarında FHN əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri yekunlaşsa da ərazi xüsusi nəzarət altındadır. Hazırda uçqunun baş verdiyi ərazidə ağır texnikalar çalışır.
Yarımçıq tikilidə məskunlaşan 56 məcburi köçkün ailəsinin gələcək taleyi ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi (DQMK) də iş aparır.
DQMK-nin sədr müavini Gəray Fərhadov bildirib ki, hazırda araşdırma aparılır və qalan beş ailənin də yerləşdirilməsi nəzərdə tutulur.
Partlayan binanın sakinləri bildiriblər ki, onlar köçmək istəmir.
Xatırladaq ki, partlayış hadisəsi ötən gün səhər saatlarında məcburi köçkünlərin yaşadığı 4 mərtəbəli binada baş verib. Mənzillərdən birində baş verən partlayış zamanı 3 nəfər həlak olub, 9 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.