Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 11-ə çatıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
Hal-hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat edən 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 9 nəfəri xilas ediblər. Onlardan 8 nəfərinin adları məlumdur: 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan Abbasovdur. Hadisə zamanı dünyasını dəyişənlər isə Məharət Əhmədov və 1965-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızıdır.
15:35
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 9-da çatıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
Hazırkı vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır.
12:16
Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya açıqlamasında dediyinə görə, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.
Bu vaxta kimi hadisə yerində ölən olmayıb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.
10:49
Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
Oxu.Az xəbər verir ki, Abşeron rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayış nəticəsində 10-a yaxın insan xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Dağıntı altında qalan 5 nəfərdən 3 nəfər çıxarılıb. Onlardan 1972-ci il təvəllüdlü Vidadi Yunis oğlu İsmayılov və onun oğlu, 2001-ci il təvəllüdlü Yunis Vidadi oğlu İsmayılovun adları məlum olub.
Partlayış nəticəsində yaralananlardan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralılardan 4-nün vəziyyətinin yüngül olduğu üçün ambulator müalicəyə buraxılıb. Bir yaralı isə xəstəxanada qalıb.
Hazırda hadisə yerində xilasedicilər çalışır.
Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.
09:56
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla bağlı ilkin məlumat yayıb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Nazirlikdən bildiriblər ki, hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
09:56
Azərbaycanda binada partlayış olub.
Oxu.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib.
Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.