Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub.
Bu barədə Oxu.Az-a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Ziyarətə gələn şəxslərdən Şəhidlər Xiyabanı yaxınlığında avtomobil park edilməsinin mümkün olmadığını nəzərə alaraq, ictimai nəqliyyatdan istifadəə etmələri xahiş olunur.
V.Əsədov onu da əlavə edib ki, Parlament prospektindən istifadə edən sürücülər alternativ olaraq bu yollardan istifadə edə bilərlər:
“Onlar Parlament prospektinə girmədən İnşaatçılar, Nəriman Nərimanov, Bakıxanov və eyni zamanda Səməd Vurğun küçələri vasitəsilə Neftçilər prospektinə çıxıb, hərəkət edə bilərlər.
Eləcə də şəhərin mərkəzindən Parlament prospekti ilə hərəkət edənlər ən yaxşı halda Yusif Səfərov, 28 may, Rəşid Behbudov, Füzuli prospekti ilə hərəkət edə bilərlər”.