Bu il pensiya sistemində inqilabi dəyişikliklər gözlənilir.
Oxu.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, 2019-cu ildən bu sahədə avtomatlaşdırılmış rejimə keçid baş verəcək.
Nazir bu gün keçirilən mətbuat konfransında bildirib ki, mərkəzləşdirilmiş elektron sistemlərin yaradılması üzrə işlər artıq yekunlaşıb:
“E-sosial portalının hazırlanması, elektron məşğulluq portalının alt sisteminin yaradılması, pensiya təyinatının tam avtomatlaşdırılması ilə bağlı planlar icra edilib. Beynəlxalq təcrübəni araşdıran nazirlik noyabrın 20-də yeni elektron sistemlərin təqdimatına hazırlaşır. Pensiya təyinatı tam avtomatlaşdırılıb və qanunvericilik aktları müvafiq dövlət qurumları ilə razılaşdırılaraq Milli Məclisə təqdim edilib.
Belə ki, gələn ildən Azərbaycan vətəndaşı pensiyaya çıxanda sənəd toplamağa, müxtəlif sorğular əldə etməyə, hələ də mövcud olan bəzi bürokratik əngəllərə məruz qalmayacaq.
Azərbaycan vətəndaşının hər biri 2019-cu ilin yanvarın 1-dən etibarən pensiya yaşına çatdığı gün, yəni ad günündə artıq dövlət orqanı tərəfindən pensiya təminatı barədə məlumat alacaq. Pensiya heç bir sənəd tələb edilmədən avtomatik həyata keçirilməyə başlanacaq”.
Nazir bildirib ki, təqaüdçüyə SMS, e-mail vasitəsilə pensiyanın məbləği və pensiya kartını hardan əldə edəcəyi barədə məlumat veriləcək:
“Qanun layihəsinə görə, gələn il yanvarın 1-dən Azərbaycanda il ərzində pensiyaya çıxan 67 min insan elektron qaydada pensiya təyinatı alacaq. 45 min 500 nəfər mövcud pensiyaçının pensiyası isə 35 faiz qaldırılacaq. 38 min insanın pensiya hüququ yaranacaq və onların bu gün aldığı sosial müavinət 50 faiz artacaq, yəni 73 manatdan 121 manata qalxacaq.
Sosial müavinət isə 48 faiz yüksələcək. Demək olar ki, bu islahat nəticəsində hər il 67 min nəfər insanın həyatı yüngülləşəcək, həm də 93 min insanın gəlirləri 35 faizdən 48-dək artacaq. Bu, cənab prezidentin sosial bir addımıdır. Bizim hesablamalarımıza görə, onun maliyyə yükü 40 milyon manat ətrafında olacaq”.
İ.Abdullayeva
Rəylər