"Bundan sonra daha 30 uşağın Ukraynadan Azərbaycana gətirilməsi planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov deyib.
O bildirib ki, artıq bir neçə ildir Ukrayna tərəfindən bir qrup uşaq Azərbaycana səfər edir:
"Bu gün də artıq növbəti qrup ölkəmizə gəlib. 10 gün ərzində olacaq bu proqram çərçivəsində ukraynalı uşaqlar həm Bakı, həm də Qəbələ şəhərlərində öz asudə vaxtlarını səmərəli keçirəcəklər, reabilitasiya proqramlarında iştirak edəcəklər. Gələn 30 uşaq iki gün ərzində Bakı şəhərində olacaq. Burada olduqları müddət ərzində onlar müxtəlif art-terapiya, yoqa məşğələləri mütəxəssislərinin nəzarəti altında təlimlərə cəlb olunacaqlar və onların həm sosial-psixoloji, eyni zamanda, asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunacaq".
O əlavə edib ki, daha sonra uşaqlar Qəbələ şəhərindəki Uşaq Reabilitasiya Mərkəzində olacaqlar:
"Bu müddət ərzində də onların həm tibbi reabilitasiyaları, eyni zamanda sosial-psixoloji reabilitasiya tədbirləri həyata keçiriləcək. Həmçinin, Azərbaycanda olduqları müddət ərzində uşaqlara Azərbaycanın qədim tarixi, mədəni irsi, mədəni tədbirləri haqqında məlumat veriləcək. Bu, artıq bizim növbəti silsilə tədbirlərimizdən biridir. Bundan sonra da bu tədbirlərin olması nəzərdə tutulur".
P.Səfərov bildirib ki, hər mərhələdə 30 uşağın ölkəyə səfəri planlaşdırılır.