Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Planet Parni iz Baku”: Cənab prezident, bizi ədalətsizlikdən qoruyun!
Bu günlərdə əfsanəvi şən və hazırcavablar klubunun (ŞHK) “Parni iz Baku”komandasının üzvləri, “Planet Parni iz Baku” teatrının aktyorları – Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov redaksiyamıza qonaq gəldilər.
Əlbəttə, onların bu gözlənilməz gəlişi hamımızı təəccübləndirdi, amma gəlişlərinin səbəbi bizi daha çox təəccübləndirdi.
Ölkənin ən yaxşı kollektivlərindən olan bu kollektiv misli olmayan təzyiqlə üzləşiblər, onların yollarında maneələr yaradılır, kollektivin tək ümidi müstəqil Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevdir.
Gəlin, onları dinləyək.
Tahir İmanovun sözlərinə görə, hər şey yazda, bu gün üçün son layihələri olan ölkənin aparıcı yumoristlərinin yığıldığı “Gülüş yığması” layihəsinin buraxıldığı andan başlayıb:
“Orada “Hit-parad” rubrikası var. Rubrikadakı musiqili nömrədə əsas qəhrəmanlardan biri polis idi. Mən yayım zamanı musiqili nömrədə bu hissənin kəsildiyini gördüm.
Həm də elə eybəcər şəkildə kəsmişdilər ki, bütün çıxış çox qeyri-peşəkar görünürdü.
Daha sonra isə ümumiyyətlə, polislərin təsvir olunduğu hissələr çıxarılmağa başlandı. Mən “Space” telekanalının rəhbərliyinə zəng etdim. İki gün ərzində mənim telefon zənglərimə heç kim cavab vermədi.
İcraçı direktor: “Mən heç nə bilmirəm, məsələdən xəbərdar deyiləm. Aydınlaşdırıb sizə də bildirərəm” dedi.
Sonra isə Vaqif Mustafayev başda olmaqla kanalın rəhbərliyi məni dəvət etdilər.
Mənə dedilər ki, “polisləri tənqid etmək olmaz”. “Niyə? Niyə 90-cı illərdə olardı, 2000-ci illərdə olardı, 2015-ci ilin fevral ayına qədər olardı, indi isə olmaz?” sualıma isə sadəcə “Olmaz” cavabı verdilər. O zaman mən “Sizə polis idarəsinin rəhbərliyindən zəng ediblər?” deyə soruşdum.
Mənə cavab verdilər ki, “xeyr, sadəcə o kanalın rəhbəri belə qərar alıb”.
Niyə belə qərar almasının səbəbini soruşduqda isə o, “Olmaz, vəssalam” dedi. “Bəs başqalarını olar?” soruşduqda isə, “Başqalarını hələlik olar, onları isə olmaz” cavabını verdi”, - teatrın direktoru bu “yeni şərtləri” anlaya bilmir.
Tahir İmanovun sözlərinə görə, baş verənləri başa düşmək mümkün deyil:
“Bizə deyirlər ki, siz polislərin imicinə xələl gətirirsiniz!
Biz, KVN-çilər, XX əsrin çempionları, əməkdar artistlər, 92-ci ildə mövsümün çempionları, 95-ci il çempionları kubokunun sahibləri: Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov, Tahir İmanov – biz polislərin imicinə xələl gətiririk. Bu, gülməlidir, bu, nonsensdir!
Mən: “Yaxşı, Vaqif müəllim, bəs YouTube-da qoyulmuş çarxlar? O videoçarxlarda xələl gətirən materiallar təqdim edilib, bu materiallarda polislərin nüfuzuna elə polislərin özü xələl gətirir? Onlar necə olsun?” dedim.
Daxili İşlər Nazirliyinin məlumatlarında “bəli, belə çatışmazlıqların olduğunu bilirik və demək olar ki, kobud səhvlərə görə kimlərsə vəzifədən çıxarılır, başqaları təyin edilir”.
Biz ki, yeni heç nə düşünmürük. Əgər ölkə rəhbərliyi hər iclasda hüquq-mühafizə orqanlarında neqativ məqamlar olduğundan danışırsa, o zaman biz niyə danışa bilmərik?
Biz sizinlə demokratik ölkədə yaşayırıq. Biz Şimali Koreyada, 1937-ci ildə yaşamırıq. Biz prinsip olaraq 20 ildən çox bir müddət ərzində məşğul olduğumuz iş ilə məşğul oluruq.
Gələn il fəaliyyətimizin 25 illiyi olacaq. Nəyə görə 1999-cu ildə zalda ölkə rəhbərliyi oturduğu zaman “N saylı polis bölməsi” səhnəsini göstərmək olardı, indi isə olmaz? İndiyə qədər polislər o səhnəni xatırlayıb gülürlər.
- Şou yaradılarkən və bu şounun nümayiş etdirilməsi nəzərdə tutulan telekanalın rəhbərliyinə təqdim edilərkən müəyyən müqavilə bağlanılır. Müqavilədə nəyin və ya kimin isə tənqid edilməsinin qadağan edilməsini nəzərdə tutan bənd var idi?
- İş ondadır ki, biz bəlkə də yeganə təşkilatıq ki, bizim ilə heç vaxt heç bir müqavilə bağlanmayıb. Bizi heç vaxt yoxlamayıblar. Hətta ölkə rəhbərliyi qarşısında çıxış edəndə belə. Ümummilli lider Heydər Əliyev qarşısında, prezidentimiz İlham Əliyev qarşısında çıxış edərkən belə bizim çıxışların mətninə dair məhdudiyyət olmayıb. Çünki hamı bilirdi ki, biz çərçivələrdən kənara çıxmayacağıq. Bizim sahə satiradır. Bu sahəni beş barmağımız kimi bilirik. Başqa işlərdə, məsələn, memarlıq sahəsi - Bəhram bu işin əsaslarını öyrənir. Satira sahəsində isə biz peşəkarıq.
- Bu səhnələrin efirə niyə verilmədiyinə dair sizə heç kim tərəfindən tutarlı əsas gətirilmədi?
- Sadəcə dedilər “olmaz, vəssalam”. Biz başqa kanala üz tutduq. ATV-də bizə daha çox şey dedilər:
“Polisi, Vergilər Nazirliyini, Gömrük Komitəsini və FHN-ni tənqid etmək olmaz”. Bizə bəyan etdilər ki: “Siz vergiləri tənqid edirsiz, bizə ya yoxlama göndərirlər, ya da ki, bu və ya digər nazir zəng edib hədələyir”.
Onlar ölkə rəhbərliyinin adından istifadə edirlər, onların sözlərinə görə, məhz ölkə rəhbərliyi bunu qadağan edir. Boş sözdür, cəfəngiyyatdır. Biz buna heç bir zaman inanmayacağıq. Çünki biz bilirik ki, ölkə rəhbərliyi hər zaman istənilən problemin demokratik həllinin tərəfdarıdır.
Teatrın digər üzvü Azər Məmmədzadənin sözlərinə görə, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev hər zaman ŞHK-ni dəstəkləyib:
“Əgər bu, ölkə rəhbərliyinin xoşuna gəlməsəydi, onlar konsertə gəlməzdilər. Əgər bəyənmədikləri bir şey olsaydı, bizim teatrın bağlanmasına dair göstəriş verərdilər, biz də heç nə deməzdik. Əksinə, Heydər Əliyev bizi hər zaman dəstəkləyib. Hamı bilir ki, o, səhnə arxasına da gəlirdi, hər zaman bizə dəstək olurdu və bizə işimizi davam etdirməyimizi, ölkədə yumor və satiranı inkişaf etdirməyimizi söyləyirdi”.
Tahir İmanov:
- Mərhum Heydər Əliyev deyirdi ki, bu və ya digər sahədə olan minusları və problemləri göstərmək lazımdır, məsələn, “N saylı polis bölməsi”, “Xəstəxana”, “Məktəb” səhnələrinin olduğu konsertdəki kimi, bu sahələr cəmiyyətin ən mühüm sahələridir.
Və H.Əliyev konsertdən sonra bizimlə görüşdükdə bizə “Siz faydalı iş görürsünüz. Çatışmazlıqları göstərirsiniz və düz edirsiniz” dedi. Bütün bunlar hər kəsin öz mənfi cəhətlərini görməsi və onların aradan qaldırılması üçün edilir. Biz hər şeyi ölkəmizə olan sevgimiz üçün edirik, bu mənfi cəhətlərin kökündən yox edilməsinə can atırıq.
Biz ölkəyə gülmürük, biz özümüzə gülürük. Sağlam cəmiyyətimizin olmasını arzu edirik. İndiki prezident bizə çox yaxşı münasibət göstərir, o, bizim mənəvi ustadımız, Azərbaycanda ŞHK hərəkatına rəhbərlik edən insan olub. Onun dəstəyi olmadan “Parni iz Baku” komandasının heç bir uğurundan danışmaq olmazdı. İndi isə onun adından bu kontekstdə danışmaq doğru deyil.
Bax, təxribat budur. Mən sual verdim “Əgər biz polisin imicinə xələl gətiririksə, o zaman fərsiz polis obrazı yaradan Lui de Fünes nə etsin?”, bu, sadəcə kinematoqrafda bir istiqamətdir. Rusiyada milislər haqqında serial “Mentı” adlanır. Hamı bunu normal qəbul edir. Serialda ağıllı da var, güclü də var, fərsiz də var, yəni bütün bunlar satira prizmasından göstərilib.
Azər Məmmədzadə:
- Götürək “Polis akademiyası” serialını, orada polislər parodiya edilir. Əslində söhbət bunda deyil, söhbət bunun ölkə rəhbərliyinin bəyənmədiyinin deyilməsindədir. Tamamilə yanlış ismarıc verilir, bizi narahat edən məhz budur.
Tahir İmanov:
- Son iki konsertimiz efirə verilmədi. Son konserti yazda göstərməli idilər, həmin ərəfədə bir həftəyə yaxın anons getdi. Bazar günü mənə ATV-dən zəng edib dedilər: “Nazirlərin uşaqlığına dair səhnəni çıxarırıq, polisləri tənqid etdiyiniz səhnəni çıxarırıq, vergiləri tənqid etdiyiniz səhnəni çıxarırıq, gömrüyü tənqid etdiyiniz səhnəni çıxarırıq...”.
- Bütün bunlar çıxarıldıqdan sonra orada nə qalırdı?
- Elə mən də onu soruşdum: “Nə qalır, yalnız aparıcının mətni?”. Dedilər ki, “hər şeyi çıxarırıq”. Və o zaman mən “əgər bizim konsertlərə ölkə rəhbərliyi gəldiyi zaman heç bir səhnə çıxarılmırdısa, indi bunu etməyə heç kimin haqqı yoxdur” dedim. Mən konsertlərimizin iki və yaxud da üç il göstərilməməsinə razıyam, qoy rəflərdə qalsın, eybi yox, biz bu konsertləri sonra göstərərik.
- Sizə tənqidi və ya parodiya yanaşmasını dəyişməyi təklif ediblər?
- Xeyr, bizə konkret olaraq deyilib: “Televiziya sizlik deyil. YouTube-da kanal yaradın, orada öz konsertlərinizi göstərin”. Paradoksal vəziyyət yaranır, təvazökarlıqdan uzaq ola bilər, amma mən faktlarla danışıram: 90-cı illərin əvvəllərində ölkə bayrağını qaldıran, o ağır zamanlarda informasiya blokadasını qıran insanlara birdən-birə belə bir şey deyirlər.
Lider TV-də biz 2003-cü ildən konkret olaraq qadağan edilmişik, ANS-də isə formatımızın onlara uyğun olmadığını dedilər. Bu telekanallara bizim üçün giriş qadağandır.
Azərbaycan xalqının hissləri ilə oynayan adamlar efirə buraxılır. Bakıda dəhşətli yanğın hadisəsi oldu, insanlar həlak oldu, həmin zaman “bu, bir film idi, külək idi, oldu keçdi” deyən aparıcını bağışladılar. O, indiyə qədər efirə çıxır, bizə isə olmaz deyirlər. Ölkələrin, şəhərlərin adlarını doğru-düzgün deyə bilməyən aparıcılar, diktorlar efirə buraxılır, biz isə yox.
Azər Məmmədzadə:
- Mən “Comedy Woman” mövzusuna qayıtmaq istərdim. Bakıya erməni layihəsini gətirmək olar, bizi isə efirə buraxmaq olmaz. Bu layihə tam bir industriyadır – erməniləri və erməniçilik ideyasını təbliğ edən bir industriya.
- Bu konsert baş tutmadı, ləğv edildi.
- Gəlin, düzünü deyək, bu, sizin - Oxu.Az-ın və bizim sayəmizdə baş tutmadı. Əgər biz sizinlə bərabər sussaydıq, telekanallarda olan, öz savadsızlığı ilə Azərbaycan xalqını təhqir edən insanlar bu konserti çəkib bizə çox təmtəraqlı şəkildə təqdim edəcəkdilər. Hələ bir ağız dolusu “Bakıda “Comedy Woman”-ın konserti oldu” deyib, onlara fərsiz suallar da verəcəkdilər, bununla da hər şey başa çatacaqdı.
Bir ildən artıqdır ki, Krımın işğalı davam edir, hamı bu ölkənin adını doğru deyir, yalnız bizimkilər “Ukaynya”, “Dambas” deyirlər, ölkənin prezidentinin soyadı – Poroşenkodur, bizimkilər Paraşenko deyirlər. Bax belə qabiliyyətsizlərə efirə çıxmağa icazə verilir, bizə yox. Bizə “səviyyəsiz” deyirlər. Lider telekanalı bizi belə adlandırır. Onlar “belə səviyyəsiz kollektivi əfsanəvi səhnələrə buraxmaq olmaz” deyirdilər.
Deməli, 90-cı illərdə ölkə rəhbərliyi nazirlər qarşısında çıxış edərkən bizə “Bizim fəxrimizsiniz” deyirdilər, indi isə “səviyyəsiz” deyirlər. Sözün düzü, bizi fəxrimiz adlandıran, bizə bir problemimiz olduqda müraciət edə biləcəyimizi deyənlərdən yalnız bir-iki nazir sözünün üstündə durub. Qalanlarının isə qəbuluna düşmək mümkün deyil.
- Telekanallar ilə əlaqədar kiməsə müraciət etmisiniz?
- Redaksiyanıza gəlməyimizin məqsədi saytınızın yardımı ilə bu fəryadımızı ölkə rəhbərliyinə, çox hörmətli Prezidentə, çox hörmətli Birinci xanıma çatdırmaqdır. Kollektivimizdə 60 nəfər işləyir, və onların hamısı indiyə qədər maaşsız oturub. Səbəb telekanallara buraxılmamağımızdır.
Əgər siz indi telekanalların rəhbərlərinə müraciət etsəniz bütün bunları uydurduğumuzu deyəcəklər. Dahası da var, bu müsahibədən sonra telekanal rəhbərləri bizim adımıza ləkə gətirəcək hansısa tənqidçilər, dramaturqları tutacaqlar və yaxud da bizim haqqımızda iftira dolu bir veriliş hazırlayacaqlar.
Telekanal direktorlarından biri hətta bizə söyləmişdi ki, “sizin konsertlərinizdə prezidentin iştirakı ilə beş kadr çatışmır. Əgər o, 10-cu sırada əyləşib əl çalarsa, o zaman mən də sizin konsertinizi efirə verəcəyəm”. Mən həmin adamın adını çəkməyəcəyəm, çünki yəqin ki, dediyi sözlərdən imtina edəcək.
Azər Məmmədzadə:
- Biz istəyirik ki, bizi düzgün başa düşsünlər. Biz maddi vəziyyətimizdən şikayət etmirik, biz bəzi məmurların neqativ münasibətindən şikayətlənirik.
Bəli, internet-kanalda bütün çıxışlarımız yerləşdirilib, amma efir tamamən başqa şeydir. Bu yaxınlarda bir nəfərlə bu mövzuda müzakirə edirdik və belə qərara gəldik ki, internet-portallar və ya kanallar nə qədər inkişaf etsə də televiziya, efir tamamilə başqa bir şeydir. Axı ölkəmizin bütün sakinləri internetdən istifadə etmirlər.
Televiziyada olan səs və vizual təsir amili heç bir kütləvi informasiya vasitəsində yoxdur. Bizim 25 ilə yaxın bir zaman ərzində gördüyümüz işi yerlə-yeksan etmək istəyirlər. Bu insanların hansı məqsədi güddüklərini bilmirəm. Hamı bilir ki, həm ölkə rəhbərliyi, həm prezident, həm birinci xanım Mehriban Əliyeva, həm onların uşaqları bizə hər zaman yaxşı münasibət göstəriblər, bizi hər zaman dəstəkləyiblər. Başqa sözüm yoxdur.
- Sizdən başqa polis işçilərini heç kim tənqid etmir?
Tahir İmanov:
- Tənqid edirlər, amma onlara da qadağan edilib. Bir çox prodakşnlar öz layihələrində, seriallarında tənqid edirdilər, amma onlara qadağa qoyuldu. Mən sizə açıq deyirəm, belə də yazın: onlar məmurların təzyiqindən qorxurlar. Əgər susurlarsa, deməli qorxurlar. Danışmırlar. DİN-in mətbuat xidmətinin nümayəndələri telekanallara zəng edib və polis işçilərinin tənqid olunmasını qadağan ediblər, vəssalam. DİN-in mətbuat xidmətinin bizim layihələrə baxmaqdan başqa işləri yoxdur sanki, onlar bizim konsertləri əzbər bilirlər.
Azər Məmmədzadə:
- Başqaları da tənqid edir, amma təvazökarlıqdan uzaq olsa da bizim kimi, belə yüksək səviyyədə heç kim göstərmir. Bəlkə də “daşa tutulmağımızın” səbəbi də elə budur.
Tahir İmanov:
- Onlar bizi görəndə “Siz bizim fəxrimizsiniz” deyirlər. Başa düşmürəm, bu, ikili oyundur? Məmurlar tərəfindən öz üzərimdə hiss etdiyim ilk təzyiqi heç vaxt unutmaram. 1996-cı il idi, əfsanəvi “Milli Məclis” səhnəsi oynanılırdı. Mən üzü tamaşaçılara tərəf oturan və zalın reaksiyasını görən yeganə aktyor idim. O zamankı spiker Rəsul Quliyev konsertdən sonra mənə yaxınlaşıb çox aqressiv formada “Sən idin məni yamsılayan? Sən idin?” deyə soruşdu. Bunu görən Heydər Əliyev yaxınlaşdı və gərgin mühiti aradan qaldırdı. O, “Sən səhnədə başqa cürə görsənirsən, indi başqa cürə” dedi, bu, səhnədə cəsarətli idin, indi isə burda ürkək görünürsən demək idi. Bu, dövlət rəhbəri tərəfindən ilk dəstək idi və bu faktiki olaraq: mən burdayam, sizinləyəm mənasını kəsb edirdi. 2000-ci ilin dekabr ayının 30-da o, bizə “Heç kəsdən qorxmayın” demişdi. ŞHK tarixi boyu heç bir komanda H.Əliyevin bizi dəstəklədiyi kimi dövlət rəhbəri tərəfindən belə dəstək görməyib.
Azər Məmmədzadə:
- Bu, 2001-ci ilin - yeni ilin ərəfəsində idi. Bu efirə də verilib. O zaman biz çempion olmuşduq. O, bizim zarafatları detalları ilə xatırlayırdı.
Tahir İmanov:
- 2014-cü ildə konsertimizdə nazirlərin uşaqlığı haqqında səhnə var idi. Telekanalların rəhbərləri bizdən nazirlərin uşaqlıqlarını niyə göstərdiyimizi soruşurdular. Niyə də yox? Sanki onlar toxunulmazdırlar. İstənilən ŞHK-nin beynəlxalq oyununa baxın: polis, ordu, məktəb – hər yerdə bu sahələr var. Biz, yəni ŞHK komandalarının üzvləri üzdə, göz qabağında olanı tənqid edirik. İstənilən beynəlxalq oyuna baxın, həkimlər, polislər, müəllimlər, FHN, gömrükçülər mütləq var... Bu, bizim gündəlik həyatımızdır. İstənilən xəbər saytını açaq, elə məsələn sizin saytı, xəbər verilir: kimsə çıxarılıb və onun yerinə kim isə vəzifəyə təyin edilib. Nəyə görə tutduğu vəzifədən azad edilib? Hansısa səhvlərə, işində yol verdiyi nöqsanlara, dövlətin etimadını doğrultmadığına görə əlbəttə, biz də bunu tənqid edirik.
Əgər tənqid etmək olmazsa o zaman “Elmi olanın hörməti yoxdur, hörməti olanın elmi yoxdur” deyən Cəlil Məmmədquluzadənin əsərlərini yandırın. O tənqid edir, mənfi imic yaradır. Və yaxud da “Kim nə deyər bizdə olan qeyrətə...” deyən Mirzə Ələkbər Sabirin əsərlərini yandırın. Yandırın! Niyə onlara dahi deyirsiz? Biz dahi adına iddia etmirik və etməyəcəyik də. Bəlkə bir gün ölümümüzdən sonra AzTV-də Bəhram Bağırzadənin şəklini göstərib, onun necə dahi aktyor olması barədə veriliş hazırlayarlar” (gülür).
Bəhram Bağırzadə:
- Rəhmətlik Habil Əliyev deyirdi ki, ölüləri o qədər tərifləyirlər ki, adam ölmək istəyir” (gülür).
Cabir İmanov:
- Sözügedən adamlar bu hadisələri bizim uydurduğumuzu və ya kimin isə sifarişi ilə etdiyimizi düşünürlər. Əslində isə biz bunların hamısını həyatdan götürürük. Bu, həqiqətdir. Bununla hər kəs qarşılaşır. Bu, cəmiyyətdir. Axı biz yaxşılıq etmək istəyirik, demirik ki, hamı pisdir. Biz bu və ya digər strukturda belə insanların olduğunu göstərmək istəyirik. Bu, satiradır”.
Azər Məmmədzadə:
- Adi xalqın xoşuna gəlir. Amma vəzifədə olanların bəzilərinə bu xoş gəlmir”.
Tahir İmanov:
- Efir problemi həll olunsa qalan problemləri özümüz həll edərik. Hər il eyni problemi – sponsor tapmaq problemini yaşayırıq. Bu, bizim üçün saman içində iynə axtarmaq kimi bir şeydir. Hansısa gözəllik müsabiqələrinə sponsor tapılır, biz isə konsertlərimizə maliyyə vəsaiti ayıracaq sponsor tapa bilmirik. Potensial sponsor tapanda isə onun oğlunun və ya qızının hansısa məmurun və ya nazirin övladı ilə ailə qurduğu məlum olur. Və o zaman bizə “siz onu tənqid edirsiz, biz sizə sponsorluq edə bilmərik” deyirlər.
Siz bu sponsor axtarışı prosesinin nə dərəcədə alçaldıcı olmasını təsəvvür edə bilməzsiniz. Halbuki bizim konsertləri maliyyələşdirmək üçün sponsorların növbəyə durduğu zaman var idi. “Yeni Həyat” şirkəti var, biz onunla 2007-ci ildə konsertimizin baş sponsoru olacağı ilə bağlı razılığa gəldik. Bizə şirkətin rəhbəri zəng edir və “siz bir ssenarini gətirin görüm, orda nə yazmısız” deyir. Mən sponsorluqdan imtina etdim. Eybi yox, qoy mən bu gəlirdən məhrum olum, amma mənim vicdanım ölkə rəhbərliyi qarşısında təmiz olsun. Ölkə rəhbərliyi qarşısında çıxış edərkən bizi heç kim yoxlamadı, indi hansısa şirkət bizi yoxlayacaq?.
- Yəni siz demək istəyirsiniz ki, komandanın mövcud olduğu bütün bu müddət ərzində sizin ssenariləri öncədən heç kim oxumayıb?
- Heç kim. Heç vaxt. Bizə olan etimad o qədər güclü idi ki, bizi heç kim yoxlamırdı. Biz qapalı şam yeməklərində, məsələn, Moldova prezidenti Petro Luçunskinin səfəri şərəfinə verilən şam yeməyində, Rusiya prezidentinin 2001-ci ilin yanvar ayının 9-11 tarixlərindəki səfəri zamanı Gülüstan sarayında çıxış etmişik.
Azər Məmmədzadə:
- Tədbirə bir gün qalmış bizə sabah çıxış edəcəyimizi deyirdilər. Biz ssenari hazırlayırdıq, axşam və ya tədbir günü günorta məşq edirdik və səhnəyə çıxırdıq.
Tahir İmanov:
- Heç bir teatr dəvət edilməmişdi, yalnız bizi dəvət etmişdilər. Çünki bilirdilər ki, hər zamankı kimi vətənpərvər ruhunda, keyfiyyətli iş görəcəyik. Və çoxlarının deyə bilmədiyini deyəcəyik. Həmin tədbirdə bizim və Rusiya Federasiyasının nazirləri oturmuşdular. Biz elə bilirdik ki, bütün aktyorlar kimi sadəcə çıxış edəcəyik, Heydər Əliyev isə bizi masa arxasına oturtdu.
Azər Məmmədzadə:
- Mən bunu deməkdən çəkinməyəcəm, mənə elə gəlir ki, Heydər Əliyev bizimlə fəxr edirdi. O görüşdə o, bizimlə şəxsən salamlaşdı, elə Putin də. Və H.Əliyev Putinin qulağına “onlar ermənilərə qalib gəliblər” dedi, həm də fəxrlə dedi. Biz bunu hamımız eşitdik. O, bizimlə fəxr edirdi. Biz onun dayağını və dəstəyini hiss edirdik.
Tahir İmanov:
- O, hər dəfə bizdən problemlərimizin olub-olmaması barədə soruşurdu. Problem çox idi, biz isə deyirdik ki, hər şey yaxşıdır. Biz heç vaxt nə H.Əliyevə, nə də ki, İ.Əliyevə şikayətlənmişik.
Bir dəfə İlham Əliyev məndən niyə belə kədərli olduğumu soruşdu, mən isə hər şeyin qaydasında olduğunu bildirdim. O isə hiss etmişdi. 1995-ci ildə dərsləri buraxdığıma görə, məni Ali məktəbdən çıxarmışdılar. Mən isə dərslərə Bakı-Odessa oyununa hazırlaşdığım üçün getmirdim. “Balaca bir iş ilə” məşğul idim. Rektorumuz belə hesab edirdi. İ.Əliyev yardım etdi və məni bərpa etdilər. Mən bir şeyi başa düşmürəm, niyə hər problemi ölkə başçısı həll etməlidir? Nəyə görə, məmurlar problemləri həll edə bilmirlər?.
Azər Məmmədzadə:
- 2000-ci ildə İ.Əliyev mənə də köməklik edib. Anama bahalı əməliyyat tələb olunurdu və o, bu məsələni müzakirəsiz həll etdi.
Tahir İmanov:
- İlham Əliyev bizim hamımıza yardım edib. O, əvvəl ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) vitse-prezidenti idi, indi isə dövlət başçısıdır. Amma təəssüf ki, indi biz ona 90-cı illərdə olduğu kimi birbaşa müraciət edə bilmirik. Bizim müraciətlərimiz ya hardasa it-bat olur, ya da sadəcə lazımi ünvana çatmır.
Azər Məmmədzadə:
- Biz 20 ildən artıqdır ki, bu işlə məşğuluq və “Parni iz Baku” komandası heç bir zaman satılmayıb. Bizə sponsorluq etmək istəyən “Yeni Həyat” şirkəti isə bizi pul ilə aldığını və bunun üçün də senzura aparmağa ixtiyarı olduğunu düşündü.
Tahir İmanov:
- Bəzi məmurlar bizim hansısa strukturu tənqid etməyimizi kiminsə sifarişi olduğunu düşünür. Bizim komanda heç bir zaman heç kimin sifarişi ilə çıxış etməyib.
Azər Məmmədzadə:
- Bu, düşüncənin darlığını və insanların hər şeyi öz arşınları ilə ölçdüyünü əks etdirir.
Tahir İmanov:
- Bəzi məmurlar bizimlə ağızucu salamlaşırlar. Siz “Məhəllə” kinofilminin birinci və sonuncu səhnələrini çəkmək üçün AZAL-dan təyyarə almaq üçün hansı məşəqqətlərdən keçdiyimi təsəvvür edə bilməzsiniz. Bizə terror aktının törədilməsi təhlükəsinə görə, təyyarə verə bilməyəcəklərini söylədilər. Bizə təyyarədə səhnənin çəkilməsinə icazə vermədilər, və yalnız rəhbərlikdən gələn zəngdən sonra bizə sınıq-salxaq bir təyyarə verdilər. Daha sonra bizi quldurları yoxlayan kimi giriş və çıxışda yoxladılar. Bir də sponsorumuza bizim üçün təyyarə dekorasiyası etdirməyi söyləməmizi tövsiyə etdilər. Hər dəfə analoji problemlər ilə üzləşirik.
Azər Məmmədzadə:
- İstəyirik ki, bunun şikayət deyil, ruhumuzun fəryadı olması anlaşılsın. Çünki “pulları var, maşınları var, şikayət edirlər” deyən insanlar tapılacaq. Heç olmasa digərləri bizi eşidib anlayacaqlar. İlk növbədə əvvəldə də dediyimiz kimi bizi ölkə rəhbərliyi, hörmətli cənab prezidentin eşidəcəyinə ümid edirik.
Tahir İmanov:
- Bu, ŞHK komandasının ölkə rəhbərliyinə açıq məktubudur. Axı əgər biz hörmətə layiq olmasaydıq, bu iki nəfər – Bəhram Bağırzadə və Cabir İmanov sentyabrın 14-də prezident adından “Əməkdar aktyor” adını almazdılar...
- Və sizin komanda bu qədər müddət ərzində çıxış etməyə davam etməzdi... Layihələriniz işıq üzü görməzdi...
- Əlbəttə... Yeri gəlmişkən haqqında danışdığımız “Gülüş yığması” layihəsinə qayıtmaq istərdim. Biz bu layihəni son anda və məcburən yaratdıq.
- Niyə məcburən?
- İndi izah edəcəm. 2012-ci ildə prezident yerli serialların inkişafına vəsait ayırdı. 3 il susmuşam, çünki “Space” telekanalının rəhbərliyi məndən susmağımı xahiş etdi. Əgər məni kanalın səhmdarlarından biri olan çox hörmətli Sevil xanım Əliyeva eşidərsə, çox gözəl olar. Biz 40 seriyadan ibarət “Bir kəndin sevinci” adlı serialı çəkməyə başladıq. 31 seriya çəkdik, amma son 9 seriyaya vəsait ayrılmadı və onlar çəkilmədi.
Cabir İmanov:
- Və serial, təbii ki, yarımçıq qaldı. Final yoxdur.
Tahir İmanov:
- Son 18 seriyanı öz vəsaitimiz hesabına çəkmişik, bizə “Siz çəkilişləri aparın, biz sizə pul verəcəyik” dedilər, indi onlar bizə 99 min manat borcludurlar.
“Space” kanalı ilə son razılaşmaya əsasən, biz layihə yaratmalıydıq. Necə yaratmağımızı soruşduqda isə bizə sponsor tapmağı təklif etdilər. Mən sponsor tapdım, yayım sponsorunu isə onlar tapmalı idilər, indiyə qədər bir qəpik də qaytarmayıblar. Bununla yanaşı bizdən bunun haqqında danışmamağı xahiş etmişdilər. Mən həftələrlə icraçı prodüserə zəng eləmişəm, o isə gah Amerikada olduğunu, gah da məşğul olduğunu deyirdi. Sanki mən əylənməyə dəvət etmək üçün zəng edirəm.
Mən də iş üçün zəng edirəm. Yəni onlar üçün borclarını qaytarmaq prioritet deyil. Anlaya bilmirəm, bizim borcumuzu qaytara bilmirsinizsə, yeni pavilyonları necə tikirsiniz?! Yeni serialları necə çəkirsiniz? Üç il yarım vaxt keçib, amma bizim pulumuzu hələ də qaytarmayıblar.
- Necə düşünürsüz, bu münasibətin səbəbi nədir?
- Mən düşünürəm ki, bu münasibətin səbəbi ŞHK-nin yiyəsiz qalmasıdır. Bütün federasiyaların öz rəhbəri, sahibi var. Məsələn, Aida Mahmudovanın simasında rəssamların öz rəhbəri var. “Yarat” kollektivini yaradıb və onlara uğurla rəhbərlik edir. Yalnız biz evsiz pişiklər kimi qapı-qapı gəzib konsertlərimizə sponsor axtarırıq. Təsəvvür edə bilməzsiniz ki, onların qoyduğu şərtlər nə qədər alçaldıcıdır.
İstəyirik ki, bizim səmimi sözlərimiz ölkə başçısına çatsın. Ölkə rəhbərliyinin adından istifadə edərək bizə efirə çıxmağı qadağan edirlər, ölkənin sosial və siyasi həyatındakı mövcud neqativ məhfumları tənqid etməyi qadağan edirlər. Sevdiyimiz iş ilə məşğul olmağa imkan vermirlər.
Bəhram Bağırzadə:
- Mən son olaraq demək istərdim ki, komanda yoldaşlarım emosional çıxış edirlər, mən isə son zamanlar emosiyalardan uzaqlaşmışam və bütün bunlara sakit yanaşıram. Amerikada çox məşhur rejissoru Yaşıl teatrda çıxış etməyə dəvət ediblər. Adını indi xatırlaya bilmirəm, o, çoxsaylı mükafatlarla təltif edilib. Çıxış edəcəyi gün çox güclü yağış yağıb. Və o, səhnəyə çıxarkən 3 min tamaşaçı üçün tikilən teatrda yalnız 12 nəfərin olduğunu görüb. Və o, dahiyanə bir söz deyib: “Mən bu qədər film çəkmişəm, o qədər tamaşanın quruluşunu vermişəm, bu qədər mükafat almışam. Sizə bir şey demək istəyirəm, mən nə qədər çoxam, siz isə nə qədər azsınız”.
Bu gün mən həmin məmurlara eyni şeyi demək istəyirəm: biz nə qədər çoxuq, siz nə qədər də azsınız. Və mən həmin məmurlara acıyıram. Bax, elə sizin redaksiya yerləşən küçəyə çıxsaq və sosial sorğu aparıb Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Vaqif Mustafazadənin yaşayıb yaratdıqları dövrdə vəzifədə olan nazirlərin adlarını soruşsaq, sizi inandırım ki, heç kim cavab verməyəcək. Nazirlərin, məmurların adlarını xatırlayan çox az adam olacaq, amma hamı Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Vaqif Mustafazadəni tanıyacaq. Biz deputat, nazir olmaq istəmirik. Bizim istədiyimiz bu deyil, biz sadəcə yaradıcılıq ilə məşğul olmaq istəyirik.
Azər Məmmədzadə:
- Biz sadəcə işimiz ilə məşğul olmaq üçün bizə imkan vermlərini istəyirik. Əvvəllər nazirlər sadəcə zəng edirdilər, indi onların adından zəng edir və hədə-qorxu gəlirlər.
Telekanallar və bəzi məmurlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vaxtı ilə xeyir-dua verdiyi işi qadağan edirlər.
Bir şeyi də demək istərdim ki, biz nazirlər, məmurlar deyəndə hamını nəzərdə tutmuruq. Çünki elə nazirlər var ki, bizim onlar ilə yollarımız heç kəsişmir də, onlar bəlkə də bizi heç tanımırlar. Amma elə məmurlar var ki, özlərini kral hesab edirlər və onlara elə gəlir ki, bizə hansısa göstərişləri verə bilərlər.
Tahir İmanov:
- Elə nazirlər var ki, bizə “Məni də təqlid edin” deyirlər. Bir dəfə növbəti konsertdən sonra Ümummilli lider Heydər Əliyev bizə yaxınlaşdı və “Nəyə görə baş prokuror Eldar Həsənovu göstərmirsiniz? Ramil Usubovu, Murtuz Ələsgərovu niyə göstərmirsiniz? Göstərin” dedi. Biz onun müdrüklüyünü sonra anladıq. Bu, tarazlıq üçün idi, çünki kimi isə tənqdi edib kimi isə etmədiyimizi düşünməsinlər.
Azər Məmmədzadə:
- Məşhur ŞHK iştirakçısı var idi - Valentin Vladimiroviç Krapiva. Biz ondan çox şey öyrənmişik. Biz onunla dost idik. Onunla müntəzəm olaraq zəngləşirdik, səsucaldıcını işə salıb danışırdıq. Son dəfə zəngləşəndə bizə “uşaqlar, özümü pis hiss edirəm və öz həyatımı təhlil edərək sizə bir şey demək istəyirəm, siz mənim tanıdığım ən yaxşı ŞHK komandasısınız”. Bunu deyən adam ŞHK-nin tanınmış nümayəndələrindən idi.
Tahir İmanov:
- Hamı elə bilir ki, biz yalnız bu hakimiyyəti tənqid etmişik. 1993-cü ildə mart ayının 8-də Filarmoniyada konsert keçirilirdi və bizim çıxışımız həmin dövrün hakimiyyətinin tənqidinə həsr edilmişdi. Ə.Elçibəydən başqa hamı zalda idi. Biz dörddə bir finala getməyə hazırlaşırdıq.
Mənim onda cəmi 18 yaşım var idi. Və düzünü deyim ki, ayaqlarım əsirdi. Mətnin bütün sözləri tənqiddən ibarət idi. Bütün nazirlərin adını çəkdik, mətndə Tamerlan Qarayev, İsgəndər Həmidovun və s. adı var idi. Həmin gün çıxışdan sonra bizə yalnız üç adam yaxınlaşdı: Fərhad Bədəlbəyli, Çingiz Abdullayev və Ağabəy Sultanov.
Ağabəy Sultanov bizə “Uşaqlar, kefinizi pozmayın, bir şey olsa deyəcəm ki, siz mənim posientlərimsiniz” dedi.
Biz bu gün nə ediriksə, Vətənimizi sevdiyimiz üçün edirik. Axı biz Azərbaycanda prezidentimizin rəhbərliyi altında baş verən müsbət şeyləri təkzib etmirik. Biz sadəcə neqativ məqamları göstəririk, onların həlli xalqımızın və dövlətimizin birliyinin gücləndirilməsinə imkan verəcək.
Cənab prezident İlham Əliyev hər zaman məmurların fəaliyyətindən razı qalmadıqda bildirməyimizi deyib. Ona görə də biz öz gileyimizi cənab prezidentə çatdırmaq istəyirik.
Sonda isə müstəqil Azərbaycan dövlətinin rəhbərinin sözlərindən sitat gətirmək istərdim. Bu sözləri cənab prezident Şəki Məhkəmə Kompleksinin açılışında deyib:
“Azərbaycanda korrupsiya və rüşvətxorluqla çox ciddi mübarizə aparılır. Mən dəfələrlə bu barədə öz fikrimi bildirirəm, müvafiq fərmanlar verilir. Burada biz işimizi üç istiqamətdə davam etdirməliyik. Əlbəttə ki, administrativ tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son zamanlarda Azərbaycanda korrupsiya, rüşvətxorluğa, qanunsuzluğa yol verən şəxslər cəmiyyətdə tutduğu yerdən asılı olmayaraq, ciddi cəzalanırlar. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kim immunitetə malik ola bilməz”.
Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev
www.oxu.az
"AZAL" teqi üzrə xəbərlər
- AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda
- Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə
- "AirHelp" ən yaxşı aviaşirkətlərin siyahısını açıqlayıb: AZAL neçənci yerdədir?
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılmasının məqsədi açıqlanıb
- Naxçıvan istiqamətində növbəti yenilik: Onlayn aviabilet alışı indi "digital.login" ilə
Rəylər