Bakıda danışma qüsurlu yetkinlik yaşına çatmayan oğlan tapılıb. Onun danışa bilməməsi, haqqında məlumat əldə etməyə imkan vermir.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, təxminən 12-14 yaşlarında olan danışma qüsurlu uşaq, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Küçədə sahibsiz vəziyyətdə aşkarlanan uşaq şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bölməyə aparılıb. Amma onun danışma qüsurunun olması, həmçinin özü haqqında məlumat verə bilməməsi polisləri çıxılmaz vəziyyətə salıb.
“Polis bölməsində aparılan araşdırma nəticəsində onun kimliyi, harada yaşaması və valideynləri barəsində məlumat almaq mümkün olmayıb. Azyaşlı danışma qüsurlu olduğuna görə, özü haqqında məlumat verə bilməyib. Nəticədə Xətai rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına müraciət olunub”, – deyə 35-ci polis bölməsinin təhqiqatçısı Səbuhi Musayev bildirib.
Uşaqdan valideynlərinin olub-olmamasını və yaxud hansı ünvanda yaşadığını da öyrənmək mümkün olmayıb. Tapılan uşağın ancaq adının Saşa olduğunu öyrənmək mümkün olub.
Bu səbəbdən gördüyünüz bu uşaq haqqında hər hansı bir məlumatı olan şəxslər Xətai rayon Polis İdarəsi və ya 35-ci polis bölməsinə müraciət edə bilərlər.
Uşağı tanıyan şəxslərin bu barədə mobil telefon nömrələri 050 (055) 314- 30-04 və şəhər nömrəsi - 012- 478-64-41 nömrələrinə də zəng vuraraq məlumat vermələri xahiş olunur.
E.Ə.
www.oxu.az