Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Polis serjantı: Elektrik enerjisinin dayandırılmasını gözləyə bilməzdim, Zəhra ölə bilərdi...
Gözləyə bilməzdik, hər dəqiqə dəyərli idi, uşağı itirə bilərdik...
Bunu Oxu.Az-ın əməkdaşı ilə söhbətində doqquz yaşlı Zəhra Əliyeva ilə baş verən bədbəxt hadisəni şərh edən Post-patrul xidmətinin əməkdaşı, polis serjantı Zöhrab Nəzərov deyib.
Oktybarın 10-da qız Nizami rayonu, Babək prospektində, “Azərişıq” ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv. gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsinə daxil olub. Polis əməkdaşı Zöhrab Nəzərovun operativ tədbirləri sayəsində qız sağ qalıb.
Z.Əliyeva bədənin yuxarı sol hissəsindən, sol ayağın böyük barmağından və sağ baldırından yanıq xəsarətləri alıb. Zərərçəkən 3 və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hüquq-mühafizə orqanının əməkdaşı uşağı necə xilas etdiyi ilə bağlı bizə danışıb.
“Bu, saat 18:00 radələrində baş verib. Həmkarımla birlikdə küçədə avtomobildə partul xidməti aparanda insanların transformator ətrafına yığışdığını gördük. Biz maşını saxladıq və insanlara yaxınlaşaraq, onlardan nə baş verdiyini soruşduq.
Onlar dedilər ki, transformatorda qız qalıb. Dərhal rəhbərliyə məlumat verdik və Fövqəladə Hallar Nazirliyinin gəlişini gözləmədən qızı xilas etməyə başladıq”, - polis serjantı deyib.
Bu ərazidə elektrik enerjisini söndürmək ən azı 15 dəqiqə çəkəcəkdi. Daha bir elektrik cərəyanı uşağı öldürərdi.
“Mən Allaha dua etdim və ehtiyatla uşağa yaxınlaşdım. Bir əlimlə Zəhranın ayaqlarını birləşdirib, transformatorla divar arasındakı dar boşluqdan onu çıxardım. Qızın sol əli transformatora yapışdığı üçün çox çətin idi. Uşağı ağrıdan yayındırmaq üçün əməliyyat boyu onunla danışdım”, – polis bildirib.
Xilasedicilərin gəlməsinə qədər (xilasetmə əməliyyatından 25 dəqiqə sonra bu baş verdi) qızı xəstəxanaya aparmağa hazırlaşıblar.
Z.Nəzərovun sözlərinə görə, Zəhranın anası ölüb, atası isə həbsxanadadır. Uşağın tərbiyəsi ilə süpürgəçi işləyən nənəsi məşğul olur.
Qız uşaqlarla gizlənqaç oynadığı zaman gizlənmək üçün transformatora daxil olub.
Polis qeyd edib: Bakı elektrik şəbəkəsinin müvafiq xidmətlərinin səhlənkarlığı olmasaydı, Zəhraya heç nə olmazdı. Transformatorlar çəpərlənməlidir. Təhlükəsizlik tələbləri bunlardır.
Qeyd edək ki, həkimlər qızın sol əlini amputasiya ediblər. Hazırda qızın vəziyyəti yaxşılaşmağa doğru gedir.
Ramella İbrahimxəlilova
Rəylər